Qabiliyyət imtahanlarına qeydiyyat başlayır
2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələri və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat mayın 21-dən iyunun 1-dək aparılacaq. Abituriyentlər və subbakalavrlar bu müddət ərzində müvafiq sənədləri təqdim edərək qeydiyyatdan keçə bilərlər.
Magistraturaya qəbul imtahanında təkrar iştirak üçün qeydiyyat elan edilib
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb. İmtahan 14 iyun 2026-cı il tarixində keçiriləcək. Bakalavrların ərizə qəbulu 23 may saat 23:59-dək internet vasitəsilə aparılır. İmtahan Bakı, Abşeron və Sumqayıt şəhərlərində təşkil olunacaq.
UNEC-də VIII Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb
Mayın 21-də Heydər Əliyev Mərkəzi və UNEC-in birgə təşkilatçılığı ilə VIII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR 2026) öz işinə başlayıb. Heydər Əliyev Mərkəzində təşkil olunan konfransın əsas mövzusu "Süni intellekt" olub. Tədbir yerli və beynəlxalq tədqiqatçıları bir araya gətirir.
WUF13 çərçivəsində şəhərsalma təhsilinin gələcəyi müzakirə olunub
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təhsil sahəsinə aid bir sıra mühüm tədbirlər baş tutub. "Təhsil və peşəkar hazırlıq" mövzusunda beynəlxalq dəyirmi masa müzakirəsində müxtəlif ölkələrdən akademiklər və şəhərsalma üzrə ekspertlər iştirak ediblər. Eyni zamanda, forumun çərçivəsində "Şəhərlər üçün izahlı lüğət"in təqdimat mərasimi keçirilib. Lüğətin hazırlanmasında əsas məqsəd şəhərsalma üzrə qlobal müzakirələri formalaşdıran anlayışlar haqqında aydın və sistemli məlumat təqdim etməkdir. ADA Universitetinin dosenti Anar Vəliyev isə urbanistika sahəsinin həddən artıq texnikiləşməsini qlobal problem adlandırıb və bunun müasir təhsil üçün ən böyük çağırışlardan biri olduğunu vurğulayıb.
Elm və Təhsil Nazirliyi yeni videorubrikaya start verib
Elm və Təhsil Nazirliyi və Təhsil TV ortaq layihə olaraq "Memarlıqla yazılan təhsil tarixi" adlı yeni videorubrikaya başlayır. Bu rubrika Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu və Azərbaycanda 2026-cı ilin "Şəhərsalma və Memarlıq ili" elan olunması münasibətilə hazırlanıb.