Buraxılış imtahanının nəticələri açıqlandı - 8 şagird maksimal bal topladı
Dövlət İmtahan Mərkəzi aprelin 5-də keçirilmiş 9-cu siniflər üzrə orta təhsil buraxılış imtahanının nəticələrini elan edib. İmtahan iştirakçıları arasında 8 nəfər maksimal olan 300 balı toplamaqla ən yüksək nəticəni göstərib. Şagirdlər öz nəticələrini iş nömrəsi və şəxsiyyət vəsiqəsi nömrəsindən istifadə etməklə rəsmi portalda öyrənə bilərlər. İmtahan zamanı 6 nəfər qaydaları pozduğuna görə sınaqdan xaric edilib.
Nazir müavini saxta xəbərlər və süni intellektdən sui-istifadə hallarının artmasından danışıb
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumun açılış mərasimində çıxış edib. Qurbanov saxta xəbərlərin, hibrid təhdidlərin və süni intellektdən sui-istifadə hallarının artdığını vurğulayıb. Nazir müavini həmçinin Azərbaycanda təhsilin rəqəmsallaşması prosesinin sürətli templərlə irəlilədiyini bildirib. Onun sözlərinə görə, hazırda məktəblərin 63 faizinin internetə qoşulmaq imkanı var və hər 6 şagirdə 1 kompüter düşür.
AzMİU-da VII Karyera Sərgisi keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) VII Karyera Sərgisi təşkil olunub. Tədbir tələbə və məzunların məşğulluq imkanlarını artırmaq, onları əmək bazarına daha tez inteqrasiya etmək və sənaye ilə əməkdaşlığı güçləndirmək məqsədi daşıyıb. Sərgidə azad olunmuş ərazilər üçün kadr seçimi və universitet-sənaye əməkdaşlığının uğurlu modelləri müzakirə edilib.
İncəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində bu ildən etibarən ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək. Yeni mexanizm ölkə üzrə bütün müvafiq təhsil müəssisələrini əhatə edəcək. Eyni zamanda, Mədəniyyət Nazirliyinin Elm və təhsil sektorunun müdiri Muraz Məmmədov bildırib ki, son iki il ərzində attestasiya olunan musiqi və incəsənət məktəblərində çalışan 10 min müəllimdən 70 faizindən çoxu uğurlu nəticə göstərib.
Ombudsman aparatı Quba və Qusarda təhsil müəssisələrində monitorinq keçirib
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının əməkdaşları Quba və Qusarda yerləşən bir sıra təhsil müəssisələrində müstəqil monitorinqlər həyata keçiriblər. Ziyarətlərin əsas məqsədi uşaq hüquqlarının müdafiəsi və onların təmini vəziyyətini qiymətləndirmək olub.