🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

XİN-dən Nikol Paşinyana sərt cavab: “Ermənistan danışıqlar prosesinə qarşıdır”

24.07.2020 06:42 667 baxış sayı 5 dəq. oxuma
XİN-dən Nikol Paşinyana sərt cavab:

“Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən dünən hökumətin iclasında səsləndirilən fikirlər ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə növbəti zərbədir”.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

“Bununla, Ermənistanın rəhbərliyi danışıqlar prosesini dayandırmaq istəyir. Onun əvvəlki dövrlərdə də səsləndirdiyi çıxış və bəyanatları göstərir ki, Ermənistan danışıqlar prosesinə qarşıdır, danışıqların formatının dəyişdirilməsi iddiası ilə çıxış edir. Lakin danışıqların formatı dəyişdirilə bilməz.

Ermənistanın işğalçı və təcavüzkar dövlət olaraq danışıqlara qeyd-şərt qoyması cəhdləri qəbuledilməzdir”, - deyə o bildirib.

L.Abdullayevanın sözlərinə görə, N.Paşinyanın çıxışında danışıqların mahiyyətinə zidd şəkildə xalqların öz müqəddəratını müəyyən etməsi prinsipindən danışmasına gəldikdə isə, bu, növbəti dəfə danışıqların formatını pozmaq və təhrif etmək cəhdidir:

“Ermənistanın bu kimi mövqeyi danışıqlardan boyun qaçırmaq kimi qiymətləndirilməlidir və ATƏT-in Minsk Qrupunun həmsədrləri buna müvafiq qiymət verməlidirlər. Həmsədrlər Ermənistanın danışıqlar prosesini pozan bu açıqlamasına bilavasitə mövqe bildirməlidirlər.

Ermənistan rəhbərliyinin Azərbaycanın guya ki, mülki əhaliyə zərər yetirməsi barədə ittihamlarına gəldikdə, xatırladırıq ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanlı etnik təmizləmə törədib və 1992-ci ilin Xocalı qətliamı bütün dünyaya bəllidir.

Bu ilin 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı zamanı Tovuz rayonunun kəndlərdəki mülki insanları və obyektləri hədəfə alması və Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizovun qətlə yetirilməsi təcavüzkar ölkənin terrorçu mahiyyətini bir daha ifşa etdi.

Ermənistan tərəfində isə heç bir mülki şəxs ölməyib və yaralanmayıb. Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində baş vermiş gərginlik bilavasitə Ermənistanın əvvəlcədən planlaşdırdığı təxribatı idi”.

O qeyd edib ki, münaqişənin həlli üzrə danışıqlar prosesinə zərbə vuran bəyanatlarından sonra Ermənistanın münaqişənin sülh yolu ilə həlli məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işləməyə davam edəcəyi barədə fikirlər səsləndirməsi isə N.Paşinyanın riyakarlğından başqa bir şey deyil:

“Ermənistan baş naziri öz çıxışında, həmçinin Türkiyəyə qarşı əsassız iddialar irəli sürür. Türkiyə bölgədə sabitliyə və təhlükəsizliyə töhfə verən dövlətdir. Türkiyə ATƏT-in Minsk Qrupunun üzv ölkələrindən biridir. Türkiyə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini dəstəkləyir. Azərbaycan və Türkiyənin tərəfdaşlığı və həyata keçirdikləri birgə layihələr regionun inkişafına, sabitliyinə və çiçəklənməsinə xidmət edir.

Bölgədə sülh, sabitlik və təhlükəsizliyə təhdid yaradan isə məhz N.Paşinyan və onun yürütdüyü siyasətdir. Regionda baş vermiş gərginliyə görə bütün məsuliyyət şəxsən N.Paşinyanın üzərinə düşür”.

Paylaş: