Vətən müharibəsində ağır yaralanan qazilər - İsayev Valeh Mehrac oğlu, Həmidov Məhərrəm Əliəşrəf oğlu və Rəsulov Elşad Əlmurad oğlu “YAŞAT” Fondu tərəfindən bu gün səhər saatlarında Türkiyəyə göndəriliblər.
Fonddan verilən məlumata görə, ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin ediləcək.
Eyni zamanda Fond tərəfindən Türkiyə və İsraildən həkimlərin ölkəmizə dəvət olunması istiqamətində müvafiq tədbirlər görülür. Dəvət olunan həkimlər tərəfindən qazilərimizin müayinə, müalicə və əməliyyatının həyata keçirilməsi nəzərdə tutulur.
“YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.