Tələbələrin ən böyük problemi: KİRAYƏ EV və YATAQXANA - ARAŞDIRMA
Pandemiyadan öncə yeni dərs ilinin başlaması ilə əlaqədar sentyabr ayında tələbələrin ev axtarmaq qələbəliyi başlayırdı.
Metbuat.az xəbər verir ki, sentyabr ayı başlayanda yeni tələbələr həlli müşkülə çevrilən qayğılarla baş-başa qalırlar.
Ali məktəblərin mütləq əksəriyyətinin yataqxana probleminin çözülməmiş qalması, tələbələri kirayə mənzil axtarışına çıxmaq məcburiyyətini yaşadır.
Məsələyə münasibət bildirən əmlak üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a müsahibəsində bildirdi ki, universitetlərə yaxın ərazilərdə qiymətlər daha çox baha olur. Əvvəllər 200-250 manata təklif edilən evlər hazırda 300-350 manata verilir.
“Hazırda "Nərimanov", "Gənclik", "Elmlər Akademiyası" ətrafında 2 otaqlı orta təmirli evlərin qiyməti 350-400 manatdan başlayır. 7-ci mikrorayonda 2 otaqlı evlər 300-350 manat civarındadır. Bir otaqlılar 250-300 manatdır. "Nərimanov" ərazisində iki otaqlı evlər 350-400 manat, bir otaqlı evlər 300-350 manatdır. "Nərimanov", "Elmlər", "Gənclik" universitetlərə yaxın ərazilər olduğu üçün qiymət artımı müşahidə edilir.
Bu gün "Elmlər Akademiyası"nda bir ay bundan qabaq 300 manata təklif edilən evlər bu gün artıq 350-400 manata verilir.
Tələbələr daha çox otaqların sayı çox olan evlərə üstünlük verir. Bir otaqlı evlərə isə az müraciət olunur. Həyət evləri bina evlərinə nisbətən daha ucuzdur, amma tələbələrin əksəriyyəti həyət evində qalmaq istəmir. Həyət evlərinin qiymətləri də əraziyə uyğun olaraq dəyişir. Mikrorayonda 300-350 manatdan başlayan qiymətlər Binəqədi və Xırdalan ərazisində 200-250 manat arasında dəyişir.
Mərkəzə yaxın ərazilərdə isə həyət evlərinin qiyməti bina evlərinin qiymətlərindən çox az fərqlə seçilir. Bu ərazilərdə həyət evlərinin qiyməti 350-400 manatdır.
Qiymətlər evin təmirinə və əşyalarına görə də dəyişir. Məsələn, həmin ərazilərdə yaxşı təmirli, hər bir şəraiti olan evlərin qiyməti 450-600 manat arasında dəyişir. Mikrorayonlarda isə iki otaqlı hər bir şəraiti olan evlər 300 manatdan başlayır.’’
Universitetlərin əksəriyyəti metronun “Elmlər Akademiyası” stansiyasına yaxındır.
Bu səbəbdən bir çox valideyn çalışır ki, həmin əraziyə yaxın yerlərdə, Yasamal, “Sovetski” adlanan ərazidə ev tapsın. Həmin ərazilərdə evlərin qiyməti 100-150 manat arasında idi. İndi “Sovetski”nin böyük bir hissəsi söküldüyü üçün demək olar ki, ucuz kirayə evlərin hamısı sıradan çıxıb. Bununla paralel, yeni layihələrlə əlaqədar köhnə tikililər sökülür.
“Əvvəllər tələbələr köhnə həyət evləri ilə yanaşı sovet dövründə inşa edilən beş və dörd mərtəbə tipli binalarda da ev tapa bilirdilər. İndi isə həmin binaların pilot layihələr çərçivəsində sökülməyə başlanması tələbələrin ev tapmasında daha bir problem yaradıb.
Həmin sökülən binalarda yaşayan sakinlər də müvəqqəti kirayə evlərdə qalmalı olurlar. Sökülmüş o binaların kirayə mənzil bazarından çıxması da tələbələrin mənzil tapmasında çətinlik yaşadır. Yeni tikilən binalarda da kirayə qiymətlərinin baha olması tələbələri həmin mənzillərdən uzaqlaşdırır.”
Tələbə üçün ən yaxşı vasitə yataqxanadır. Yataqxana tələbələr üçün həm maddi, həm də vaxt baxımından qənaətbəxşdir. Bəs hazırda ölkədə tələbə yataqxanalarının vəziyyəti necədir?
Elnur Fərzəliyev bildirdi ki, problemin birdəfəlik aradan qalxması ücün hər il tələbə yataqxanalarının inşaası ilə baglı verilən vədlər birdəfəlik yerinə yetirilməli, tələbə yataqxanaları inşa olunmalıdır.
“İndiyə qədər tələbə yataqxanalarında məcburi köçkünlərimiz yaşasada, artıq onların böyük əksəriyyəti dövlət tərəfindən mənzillərlə təmin edilərək həmin yataqxanalardan köçürülüblər. Bu gün Bakıda ən baha və ən əlçatmaz olan tikintiyə yararlı olan torpaq sahələridir. Düşünürəm ki, həmin istismar müddətini bitirmiş yataqxanaları sökərək onların yerində ödənişli tələbə yataqxanaları inşa etməklə həm tələbələrin ev problemini aradan qaldırmaq olar, həm də həmin yataqxanaları inşa etdirən təhsil müəssilərinin büdcələri çox ciddi gəlirlər əldə etmiş olar.’’
Təhsil eksperti Elşən Qafarov Metbuat.az-a özəl müsahibəsində bildirdi ki, bu məsələ artıq bir neçə ildir gündəmdədir.
“Təhsil qanununun 37-ci maddəsində yazılır ki, dövlət ali məktəblərə kampusların yaradılmasını təşviq edir.Yəni, universitetlərin tələbələr üçün yataqxana şəraitinin qurulması məqsədi ilə dövlət tərəfindən kreditlər ayrılıb.Hal-hazır ki vəziyyətdə şəhər mərkəzində istismar müddəti bitmiş yataqxanaların təmiri və ümumiyyət ilə yeni yataqxanaların tikilməsi məsələsi də gələcək planlara daxildir.Son dövürlərdə ölkənin ali məktəblərini Bakıdan kənar ərazilərə köçürmək ilə bağlı müzakirələr aparılır.’’
Elşən Qafarov bildirib ki, Bakı şəhərində yerləşən universitetlərin Bakı ətrafı ərazilərə və bölgələrə köçürülməsi ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Ancaq edilən təkliflər də, görülməli olan işlər də reallaşmayıb.
“Hal-hazırda çox təəssüflər olsun ki, Azərbaycanın ali təhsil müəssisələrinin 30 illik müstəqillik dövründə qanunvericiliyin tələbinə görə elmi inovasiya mərkəzi olması tələb olunsa da, ali təhsil ocaqlarının əsas qazancı ödənişli təhsildən gələn gəlirdir. Bəzi universitetlər sadə vətəndaşların cibinə girmək ilə bərabər tələbələr üçün minimum şərait də yaratmırlar.
17-18 yaşında gənc oğlan və qızlarımız təhsil almaq üçün heç bir şəraiti olmayan yarı zirzəmilərdə kirayə qalmağa məcbur qalırlar.
Ölkədə yalnız ən böyük kampus sisteminə malik yataqxanası olan Azərbaycan Dövlət Aqrar Universitetidir.
Ümumiyyətə bu məsələnin həlli ilə bağlı konkret dövlət proqramı elan olunmalıdır. Hər bir ali təhsil müəssisəsinin öz yataqxanası olmalıdır.
Ali təhsil ocaqlarında tələbələrin elmlə rahat şəkildə məşğul olmaları üçün kampus şəraiti formalaşmalıdır.’’
Etiketlər
Oxşar xəbərlər
Dying Light 2-nin 1.19.2 Yenilənməsi
Texnologiya xəbərləri
Xaricdə təhsil alan tələbələrin təhsil haqqı ilə b...
Son Xeberler
Dövlət Sifarişli Yerlərə Əlavə Müsabiqə: 1481 Tələ...
Son Xeberler
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
Son Xeberler
Tələbələrin nəzərinə!
Son Xeberler
God of War Ragnarök 07.00 Yama Qeydləri
Texnologiya xəbərləri