Son Xeberler
7 abunə
Şəhidin həyat yoldaşı: “Sevdiyimin tabutunu qucaqlayıb yuxuya getdim”
04.12.2020 18:47
697 baxış sayı
10 dəq. oxuma
Bu gün Azərbaycanda Vətən müharibəsində şəhid olan hərbçilərin anım günüdür. Vətən uğrunda canından keçən qəhrəmanlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, 30 yaşlı Fərid Məmmədovdur.
Şəhidimizin həyat yoldaşı Şəhla Məmmədova ilə müsahibəni təqdim edir:
- Yoldaşınız nə zaman cəbhəyə yollanıb?
- O, hərbi qulluqçu idi, artıq 10 ildir xidmət edirdi. Onu sonuncu dəfə sentyabrın 27-də səhər tezdən gördüm. Dedi ki, işə getməlidir, mən onu sağ ikən bir daha görmədim. Yuxulu idim, onu yola saldım, müharibənin başladığını belə anlamadım.
- Onu dərhal cəbhə bölgəsinə göndərdilər?
- Xeyr, əvvəlcə keçmiş "Nasosnıy”, indiki Tağıyev qəsəbəsindəki hərbi hissədə oldu. Daha sonra könüllülərə təlim keçdiyi Pirəkəşkül qəsəbəsinə göndərdilər. Yalnız oktyabrın 6-da cəbhəyə yollandı. Lakin əvvəlcə mənə bu barədə danışmadı, hələ də Bakıda olduğunu dedi. Mən də ona inandım...
- İşlərin yolunda getmədiyini nə zaman anladınız?
- 18 oktyabrdan ona zəng çatmadı, operator başqa dildə cavab verməyə başladı. Yalnız sonradan bildim ki, həmin vaxt Cəbrayıl rayonu ərazisində olub, buna görə də İran şəbəkəsinin operatoru işə düşüb.
- Bundan sonra əlaqə saxlamadı?
- Danışdıq, hətta cəbhə bölgəsində olduğunu da etiraf etdi. Şən danışdı, narahat olmamağımı istədi. Səsində döyüş ruhu hiss etdim. O, Cəbrayıl, Füzuli rayonlarının, Hadrut qəsəbəsinin azad olunmasında iştirak edib. Füzuli-Xocavənd istiqamətində yoldaşlarının həyatını xilas edərək, qəhrəmancasına şəhid olub.
- Necə şəhid olduğunu bilirsiniz?
- Fərid yoldaşları ilə birgə minaatan atəşinə tuş gəlib. O, 15 nəfərlik dəstəyə rəhbərlik edib. Fərid mənə təlim keçdiyi gənc əsgərlər və könüllülər barədə qısaca danışa bilmişdi. O, əsgərlərinə görə məsuliyyət hiss edirdi, deyirdi ki, "onların ölümünü görməkdənsə, özüm ölsəm, yaxşıdır”. Minaatan atəşi zamanı himayəsindəkiləri qoruyub, özü isə qəlpə yarasından ölüb.
- Bu barədə nə zaman bildiniz?
- O, oktyabrın 25-də şəhid olub. Bizə isə növbəti gün xəbər veriblər. 26 oktyabr axşamı nəşini Bakıya gətirdilər. Oktyabrın 27-də səhər saatlarında II Fəxri Xiyabanda dəfn olunub.
Sonuncu dəfə oktyabrın 25-də 14:58-də danışdıq. İki saat sonra şəhid olub. Bu xəbəri bilmədən səhəri gün uşaqla qayınanamı ziyarətə getdik. Həyətdə insanları görüb pis xəbər gəldiyini anladım. Pilləkənlə qalxarkən Fərid olmaması üçün dua etdim. Ancaq təəssüf ki, ata evinin qapısı açıq idi, qadınlar ağlayırdı. Əvvəlcə mat qaldım, qışqırmağa, nələrsə soruşmağa başladım. Məni bu vəziyyətdə görüb, Fəridin sadəcə yaralandığını söylədilər. Yoldaşımın yaralandığına və mütləq sağalacağına işarə edərək insanlardan ağlamamalarını xahiş etdiyimi xatırlayıram.
Saat 11:00-dan 15:00-a qədər Fəridin daha olmadığını bilmirdim. Onun ölümünü mənə anam dedi. Mənim üçün sanki həyat bitdi, buna inanmaq istəmədim, nə baş verdiyini anlamırdım. Üç gün göz yaşlarım dayanmadı, heç nə yemədim, qohumlar mənə şirin çay verdi ki, huşumu itirməyim. Üçüncü gün uşağın səsini eşitdim, Allah sanki mənə güc verdi.
26 oktyabr gecəsi Fəridin tabutunu gətirdilər, otaqda sadəcə ikimiz var idik. Onu sonuncu dəfə gördüm, sevdiyimin tabutunu qucaqlayıb beləcə yuxuya getdim. Bu həyatımda yaşadığım ən ağır məqam idi.
- Allah səbr versin! Necə həyat yoldaşı olmasından bəhs edin...
- Fərid mehriban və həyat dolu insan idi. Evdə heç vaxt səsini qaldırmadı, hətta körpənin qışqırmasına da icazə vermədi. Oğlunu çox sevirdi. İşdən gəlirdi, onun üçün süfrə açırdım, o isə əvvəlcə uşaqla oynayırdı və yalnız sonra masaya otururdu. Gözəl və qayğıkeş bir oğul, yaxşı dost idi. Həm həyatı boyunca, həm də ölümündən sonra heç kim onun haqqında pis heç nə danışmadı.
- Bəs necə tanış olmuşdunuz?
- Biz 2015-ci ildə təsadüfən tanış olduq, yəqin ki, qarşılaşmağımız taleyin hökmü idi. Mən pedaqoqam, Xırdalanda 2 saylı məktəbdə çalışıram. O, məhz həmin məktəbi bitirib. Fərid müəllimlərinə dəymək üçün gəlmişdi, kabineti səhv saldı, mən isə həmin vaxt dərsdə idim.
Bu cür tanış olduq, sən demə ortaq dostlarımız var imiş. Bir ay sonra nişanlandıq, 2016-cı ilin dekabrında isə evləndik. 2017-ci ilin noyabrın 7-də oğlumuz Fuad dünyaya gəldi.
Fərid demək olar ki, uşağı görmürdü, daim işdə olurdu. Ancaq buna baxmayaraq onu və ailəsini çox sevirdi. Sizə deyim ki, hərbçi yoldaşı olmaq çətindir, sanki özün xidmət edirsən.
Bilirsiniz, o sanki öz ölümünü hiss edirdi. Formasını geyinərkən bunun baş verə biləcəyini söyləyirdi. Ölümündən sonra telefonunda şəhidlərə aid çoxlu videolar gördüm. Dostları deyir ki, xidmət zamanı belə deyirmiş: "Qoy şəhid olum, amma oğlum mənimlə fəxr edəcək!”.
Qeyd edək ki, Qarabağda Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2783 hərbçisi şəhid olub. Döyüşlər zamanı yaralanan 1245 əsgər və zabit tibb müəssisələrində müalicə olunur.
Oxşar xəbərlər
Ailəsi şəhidin doğum gününü BELƏ qeyd etdi -
Son Xeberler
474
18/02 08:29
Aynişan həyat yoldaşı ilə barışıb?
Şou Xəbər
688
15/08 18:22
Məşhur aparıcının həyat yoldaşı da orduya getdi -
Son Xeberler
716
22/09 15:49
Teymur əmi dəfn edildi
Şou Xəbər
496
12/06 06:52
Aysel Şükürova ikinci həyat yoldaşı ilə yenindən b...
Son Xeberler
410
07/02 06:11
Cabir İmanov həyat yoldaşı ilə birlikdə görünmüşdü...
Son Xeberler
31
05/10 18:25