Son Xeberler
Son Xeberler

13.10.2020 17:25

6 abunə

351

Səfirlər Moskvada Qarabağı müzakirə etdilər

Səfirlər Moskvada Qarabağı müzakirə etdilər

Oktyabrın 13-də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Monteneqronun Rusiya Federasiyasına yeni təyin edilmiş Səfiri Milorad Şçepanoviçi onun xahişi ilə qəbul edib.

Səfirliyin mətbuat xidmətindən bildirilib ki, həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Polad Bülbüloğlu ona diplomatik işində müvəffəqiyyətlər arzulayıb və Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində apardığı fəaliyyət barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüş əsnasında Azərbaycanla Monteneqro arasında ikitərəfli münasibətlərin hazırkı durumu, onların daha da dərinləşdirilməsinin əhəmiyyəti və bunun üçün kifayət qədər potensialın mövcud olduğu vurğulanıb. Qeyd edilib ki, iki ölkənin beynəlxalq səviyyədə sıx əməkdaşlıq edərək bir-birinə lazımi dəstək göstərməsi əlaqələrin yüksələn xətlə inkişaf etməsindən xəbər verir.

P.Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, onun tarixi, hüquqi aspektləri və nəticələri, hal-hazırda isə ölkəmizin Dağlıq Qarabağ bölgəsində işğalçı dövləti sülhə vadar etmək üçün ordumuzun keçirdiyi hərbi əməliyyatlar haqqında həmsöhbətini ətraflı məlumatlandırıb. Ermənistanın təxribatları, cəbhə bölgəsindən kənarda yerləşən şəhərlərdəki yaşayış məntəqələrinin və mülki şəxslərin ağır silahlardan atəşə tutulması barədə məlumatı qarşı tərəfin diqqətinə çatdırıb. Bildirib ki, Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi cinayətlər dinc əhali arasında xeyli sayda insan tələfatına səbəb olub.

Səfir qeyd edib ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin mülki şəxsləri hədəfə alması və beləliklə də humanitar hüququ kobud şəkildə pozması beynəlxalq məsuliyyət yaradır və dünya ictimaiyyəti tərəfindən qınanılmalıdır.
+++
P.Bülbüloğlunun sözlərinə görə bugünkü vəziyyət məhz Ermənistanın BMT TŞ-nin müvafiq qətnamələrinə, beynəlxalq regional təşkilatlar çərçivəsində qəbul olunmuş sənədlərin tələblərinə, ATƏT-nin Minsk Qrupu çərçivəsində on illərlə aparılan danışıqlar zamanı irəli sürülmüş təkliflərə və qrupa daxil olan həmsədr ölkələrinin status-kvonun qəbuledilməzliyi haqda çağırışlarına məhəl qoymadığına, eləcə də işğalçı dövlətin hazırkı rəhbərliyinin məsuliyyətsizliyinə görə yaranıb.

M.Şçepanoviç qəbula və verilən məlumata görə təşəkkür edərək, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini xüsusilə vurğulayıb və əməkdaşlıq üçün hər zaman hazır olduğunu bildirib.

Həmçinin görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.