🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Paşinyan indi də yalan danışmağa davam edir”

12.12.2020 15:16 359 baxış sayı 4 dəq. oxuma
“Paşinyan indi də yalan danışmağa davam edir”

“Mən Prezident olaraq bu danışıqlarda 17 il ərzində iştirak etmişdim. Mənim Ermənistanın əvvəlki prezidentləri ilə də danışıqlar aparmaq təcrübəm olmuşdur. Burada hər hansı bir nəticə əldə olunmasa da, proses baş verirdi”.

Bu sözləri Prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən deyib.

“Paşinyan prosesi məhv etmişdir. O, danışıqlar prosesinin formatını alt-üst etməyə cəhd etmişdir və onun təxribatçı hərəkətləri və bəyanatları danışıqları tamamilə mənasız etmişdir. Mən dəfələrlə onun hərəkətlərinə və söylədiklərinə istinad etmişəm. Bu, tamamilə qəbuledilməz idi. Onun Azərbaycan dövlətinə və xalqına qarşı təxribatçı və təhqiredici əməllərinə, bəyanatlarına cavab verilməli idi və biz onu ciddi şəkildə cəzalandırdıq. Beləliklə, o, öz məğlubiyyətini etiraf etməyə, atəşkəs üçün yalvarmağa məcbur oldu.

Əslində o, bunu 44 günlük müharibə əsnasında hər gün edirdi və gündə bir neçə dəfə dünya liderlərinə zəng edirdi. Onun zəng etmədiyi avropalı lider tapmaq çətin olar. O, atəşkəsin təmin edilməsini xahiş edirdi. Lakin o, mənim şərtlərimə əməl etmək istəmirdi. Halbuki mənim yeganə şərtim var idi. O, isə bir neçə ay öncə mənə 7 şərt irəli sürmüşdü. Mən onları rədd etdim və dedim ki, mənim yeganə şərtim var – torpaqlarımızdan çıx! Əks təqdirdə, Azərbaycanın dəmir yumruğunu görəcəksən. Müharibə zamanı mən bir neçə dəfə bunu bəyan etmişdim. Onun hansısa naziri deyil, şəxsən Paşinyan bizə torpaqlarımızdan çıxmaqla bağlı tarix verən kimi biz dayanacağıq.

Nəticədə bu, baş verdi və mən hər zaman olduğu kimi, verdiyim sözə əməl etdim. Paşinyan isə nə mənim, nə də öz xalqının qarşısında heç vaxt vədlərinə sadiq olmadı. O, yalançıdır və hesab edirəm ki, erməni xalqı artıq bunu anlayıb. O, indi də yalan danışmağa davam edir”, - deyə dövlət başçısı əlavə edib. 

Paylaş: