🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Ona dedim ki, ya şəhid olacaqsan, ya da..." - Oğlunu döyüşə yollayan Vaqif Əsədov

17.10.2020 18:33 469 baxış sayı 9 dəq. oxuma
"Ona dedim ki, ya şəhid olacaqsan, ya da..." -

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov oğlu Pərvini ön cəbhəyə yola salıb. Daha doğrusu, Pərvin könüllü şəkildə döyüşə yollanıb.

V.Əsədov oğlunun bu qərarını və yaşadığı hissləri AYNA ilə bölüşüb:

- Düzdür, Pərvin sənəd üzərində mənim övladımdır, əslində o, Vətənin övladıdır. Onun 29 yaşı var, sərbəst şəkildə öz qərarlarına verəcək yaşdadır. Özü könüllü olaraq müraciət etdi, mən də bir valideyn kimi sevindim, onu gülə-gülə yola saldım. Yenə də qeyd edirəm ki, o, sənəd üzərində mənim övladım olsa da, mən hesab edirəm ki, o, bu dövlətin vətəndaşıdır, bu cəmiyyətin üzvüdür. O, sərbəst qərar qəbul etmək iqtidarına malikdir. Könüllü müraciətini etdi və onun əsasında da cəbhəyə yollandı. Mən də bir ata kimi onun seçimini dəstəklədim. Oğlum Mədəniyyət və İncəsənət Univeristetinin Tarixi memarlıq abidələri fakültəsini bitirib. Xidmətə yollanana qədər işləyirdi, hazırda da dövlət maaşını verir. Allah bütün əsgərlərimizin sağ-salamat geri qayıtmasına yar olsun.

-Pərvin ailənin tək övladıdır?

- Pərvinin bacısı və bacısı övladları var. Ən azından, o, şəhid olsa belə, Pərvinin bacısı, bacısının övladları Qarabağ torpaqlarına sərbəst gedib-gələ biləcəklər. Əsədov Pərvin Vaqif oğlunun şəhid olması, Vətənə, torpağa olan bağlılığı, vətənpərvərliyi, ondan sonra gələn qohum-əqrəbalarının təhlükəsiz yaşaması deməkdir.

Vaqif Əsədovun oğlu könüllü olaraq döyüşə gedib

-Övladınız hansı bölgədə xidmət edir?

- Ağdam bölgəsində. Artilleriyaçıdır.

-Pərvini yola salarkən ona nə dediniz?

- Ona bircə cümlə dedim: Ya şəhid olacaqsan, ya da Qarabağı alıb, ora bayraq sancıb, geri dönəcəksən. Bunu özü də deyir və qəbul edir.

- Bu gün cəmiyyətdə müharibə əhval-ruhiyyəsini necə qiymətləndirirsiniz?

- Sevindirici haldır ki, bütün millət, hər kəs Qarabağ deyir. Hamı özünü cəbhədə hiss edir. Sadəcə, biri var cəbhənin önü, biri də var cəbhənin arxası. Yəni, biz hazırda arxa cəbhədə olsaq da, ön cəbhədə olanlara görə narahatlıq hissi keçiririk. Və hər kəs öz bilik və bacarığını ortaya qoyur və bildiyi kimi müharibə aparır. Müharibənin öz tələbləri var. Müharibə qayda-qanuna uyğun keçirilir. Amma gördüyünüz kimi, mənfur düşmənlərimiz heç bir qayda-qanuna, tələbə sığmayan müharibə aparır.

- Vaqif müəllim, Vətən sizə görə nə deməkdir?

- Vətən odur ki, onun uğrunda şəhid olsun. Vətən odur ki, onun qəhrəmanı olsun. Şəhidimiz, milli qəhrəmanlarımız var, deməli vətənimiz, torpağımız var.

- Şəxsən özünüz necə, döyüşməyə hazırsınız?

- Birmənalı şəkildə, bəli. Bu yaşımda xidmətə yollacağım günü gözləyirəm. Mən özüm də hərbçiyəm və hər an əmr gözləyirəm. Özüm də canla-başla Vətənə xidmət etməyə hazıram. Nə zaman məsləhət bilinsə, göndəriş verilsə, mən də hamı kimi gedib, borcumu yerinə yetirməliyəm və yetirəcəm. Bu gün mühairbə şəraitindəyik. Hər bir düşüncəsi, ağlı olan Azərbaycan vətəndaşı bunu dərk edir. Deməli, hər kəs bu müharibə dövründə özü bir əsgərdir. Və bu əsgərin ön cəbhədə və yaxud arxa cəbhədə xidməti var. Bu xidmətin də hər kəs tərəfindən düşünülmüş şəkildə yerinə yetirilməsinin tərəfdarıyam. Təəssüf ki, bəzən bu, bizim yadımızdan çıxır, bilmədiyimiz, başa düşmədiyimiz hərəkətlər etməklə düşmənə informasiya ötürülməsinə şərait yaradırıq. Fürsətdən istifadə edib, elə sizin vasitənizlə hər kəsə səsələnirəm? İnformasiya təhlükəsizliyini qoruyun. Ən azından informasiyaların yayılması ilə bağlı aidiyyəti üzrə insanlarla məsləhətləşin, özbaşına informasiya yaymayın. Vətənlə, torpaqla bağlı məsələlərdə mütləq məsləhətləşsinlər.

- Düşmənin hazırkı davranışlarına münasibətiniz necədir?

- Tələbləri pozan, həyasızcasına şər atmaqda davam edən bir düşmənlə vuruşuruq. Həmin orduya kənardan həddindən artıq dəstək verirlər. Düşmənlərimiz bizim üzümüzə gülməklə arxadan onlara dəstək verir. Bu da təbiidir. Amma bizim ölməyə hazır olan igid oğlanlarımız var. Bildiyimiz kimi, bu gün hərbi xidmətə çağırışla əlaqəli könüllülərin sayı da çoxdur. Azərbaycan vətəndaşı, əsgəri olaraq vətən uğrunda hər zaman ölməyə hazırıq. Amma erməniləri evlərindən zorla çıxarıb, döyüşə aparırlar. İndi bir düşünün, gəlin görək, bu döyüşdə kim qalib gələcək? Təbii ki, biz qalib gələcəyik. Qalib gəlməyimizə də Allah özü şərait yaradacaq.

- Son olaraq həmvətənlərinizə nə demək istərdiniz?

- Yaşasın Azərbaycan xalqı! Bu gün gedən müharibəni düzgün qiymətləndirən, düzgün mövqe seçən hər bir azərbaycan vətəndaşına eşq olsun! Siz də sağ olun ki, bu gün vətənpərvərlik hisslərinə toxunursunuz.

Paylaş: