
Misirdəki tarixi sammitdən sonra 4 liderdən birgə bəyannamə

Misirin Şarm əl-Şeyx şəhərində bir araya gələn liderlər, Qəzzada əldə edilən atəşkəs razılaşmasına dair 'Şarm əl-Şeyx Sazişi'ni imzaladılar. Türkiyə Prezidenti Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani tərəfindən imzalanan "Daimi Sülh və Rifah Uğrunda Tramp Bəyannaməsi"ndə deyilir: "SƏMİMİ SƏYLƏRİNƏ GÖRƏ TRAMPI DƏSTƏKLƏYİRİK"
Bəyannamənin mətni belədir: "Biz, aşağıda imzası olanlar, Tramp Sülh Sazişinin bütün tərəflər tərəfindən tarixi əzmkarlıqla həyata keçirilməsini məmnuniyyətlə qarşılayırıq. Bu razılaşma iki ildən artıq davam edən dərin iztirab və itkilərə son qoyaraq, ümid, təhlükəsizlik və birgə rifah vizyonu ilə müəyyən edilən yeni dövrə qədəm qoyur. Biz Qəzzadakı müharibəyə son qoymaq və Yaxın Şərqə daimi sülh gətirmək istiqamətindəki səmimi səylərinə görə Prezident Trampı dəstəkləyir və onun arxasındayıq. Birlikdə, biz bu sazişi regionun bütün xalqları (Fələstinlilər və İsraillilər daxil olmaqla) üçün sülh, təhlükəsizlik, sabitlik və fürsət təmin edəcək şəkildə həyata keçirəcəyik. Daimi sülhün həm Fələstinlilərin, həm də İsraillilərin əsas insan haqlarının qorunduğu, təhlükəsizliklərinin təmin edildiyi və ləyaqətlərinin ucaldıldığı bir düzən çərçivəsində mümkün olacağını bilirik. Qeydəlayiq irəliləyişin yalnız əməkdaşlıq və davamlı dialoq yolu ilə əldə edilə biləcəyini, millətlər və xalqlar arasındakı bağların güclənməsinin regional və qlobal sülh və sabitliyin daimi maraqlarına xidmət edəcəyini təsdiq edirik."
Bəyannamənin davamında bu fikirlər yer alır: "RADİKALLAŞMANIN HƏR NÖVÜNƏ QARŞI ƏZMLİYİK"
“Biz bu bölgənin Xristianlıq, İslam və Yəhudilik daxil olmaqla, kökləri bu torpaqlarla iç-içə keçmiş inanc icmaları üçün dərin tarixi və mənəvi əhəmiyyət daşıdığını qəbul edirik. Bu müqəddəs bağlara hörmət etmək və irs sahələrini qorumaq, sülh şəraitində birgə yaşama öhdəliyimizin əsas prioriteti olacaq. Hər növ həddənartıqlığa (ekstremizmə) və radikallaşmaya qarşı əzmliyik. Heç bir cəmiyyət, zorakılığın və irqçiliyin adi hal aldığı və ya radikal ideologiyaların mülki həyatın toxumasını təhdid etdiyi bir mühitdə inkişaf edə bilməz. Həddənartıqlığı qidalandıran şərtləri aradan qaldırmağı və daimi sülhün təməli olaraq təhsili, bərabər imkanları və qarşılıqlı hörməti təşviq etməyi öhdəmizə götürürük. Gələcək mübahisələrin güc və ya uzunmüddətli qarşıdurmalar əvəzinə diplomatik təmas və danışıqlar yolu ilə həll edilməsini öhdəmizə götürürük.”
Daha sonra bəyannamədə qeyd olunur: "ÖZÜMÜZÜ DAİMİ SÜLHLƏ DOLU GƏLƏCƏYƏ HƏSR EDİRİK"
“Qəbul edirik ki, Yaxın Şərq artıq sonu gəlməyən müharibə dövrlərinə, dalana dirənmiş danışıqlara və ya uğurla müzakirə edilmiş müddəaların hissə-hissə, natamam və ya seçmə şəkildə həyata keçirilməsinə dözə bilməz. Son iki ildə baş vermiş faciələr gələcək nəsillərin keçmişin uğursuzluqlarından daha yaxşısına layiq olduğunu acı bir şəkildə xatırladır. Biz hər kəs üçün tolerantlıq, ləyaqət və bərabər imkanlar istəyirik; irqindən, inancından və ya etnik mənşəyindən asılı olmayaraq, hər kəsin sülh, təhlükəsizlik və iqtisadi rifah içində öz məqsədlərinə çata biləcəyi bir region yaratmağı hədəfləyirik. Biz qarşılıqlı hörmət və ortaq taley prinsiplərinə əsaslanan, əhatəli sülh, təhlükəsizlik və birgə rifah vizyonunu izləyirik. Bu ruhla, biz Qəzza zolağında daimi və hərtərəfli sülh müddəalarının qurulmasında əldə olunan irəliləyişi, eləcə də İsrail ilə regional qonşuları arasındakı dostluq və qarşılıqlı fayda əsasında qurulmuş münasibətləri məmnuniyyətlə qarşılayırıq. Biz bu irsi tətbiq etmək və davam etdirmək, gələcək nəsillərin sülh içində birlikdə inkişaf edə biləcəyi institusional təməlləri inşa etmək üçün birlikdə işləməyi öhdəmizə götürürük. Biz özümüzü daimi sülhlə dolu bir gələcəyə həsr edirik.”
Oxşar xəbərlər

COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri birgə Bə...
Bugun.az

Rezidentura imtahanları ilə bağlı şərtlər
Son Xeberler

DİM abituriyentlərə müraciət etdi
Son Xeberler

Muzdlu işlə bağlı yeni vahid bəyannamə təsdiq edil...
Bugun.az
Tip 1 diabetin müalicəsində tarixi an
OrdanBurdan

NATO-dan Ukrayna sammiti ilə bağlı açıqlama
Bugun.az