🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Frans Press Agentliyi” səfirimizin müsahibəsini yaymaqdan imtina etdi

09.11.2020 06:11 389 baxış sayı 14 dəq. oxuma
“Frans Press Agentliyi” səfirimizin müsahibəsini yaymaqdan imtina etdi

Azərbaycan haqq savaşına, işğal altında olan torpaqlarını azad etməyə başladıqdan sonra beynəlxalq təşkilatlar beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, Ermənistanın silahlı qüvvələrinin bu ərazilərdən çıxmalı olduğunu elan etdilər. Lakin bəzi ölkələr ilk başlarda diplomatik və hüquqi savadsızlıq göstərərək bu hərbi əməliyyatlara qarşı çıxmağa cəhd etdilər. Onlardan biri də Fransadır. Həmin Fransa ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi işğal altında olan ərazilərin Azərbaycana qaytarılması haqda 4 qətnamə qəbul edib və bunun icrasından cavabdehdir. Lakin Fransada bəzi dairələr və mətbuat Azərbaycana bu günədək əks mövqe nümayiş etdirib.

Bunlardan sonuncusu da Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin müsahibələrinin dərc olunmaması ilə özünü biruzə verdi.

Səfir  “Frans Press Agentliyi”nin (AFP) aldığı müsahibəni dərc etməmək qərarını "utancverici" adlandırdı və Fransa mətbuatını Azərbaycana qarşı düşmən mövqeyində olmaqda günahlandırdı. Agentlik "müsahibənin məzmunu nəzərə alınaraq yayımlanmamasına qərar verildiyi" izahını verib.

Rəhman Mustafayev əlavə edib ki, 27 sentyabrdan bəri Fransa mətbuatında Azərbaycana qarşı mümkün olan bütün ittihamlar üzrə isterik bir kampaniya başladılıb: “Fransız mətbuatı nadir hallarda ölkəmlə əlaqəli obyektiv olub, amma bu gün açıq şəkildə düşmənçilik edib".

Fransa tərəfinin bəyanatları və Fransa mətbuatının ittihamlarına cavab olaraq öz tarixlərindən nümunələrlə cavab vermək olar.

İttiham 1 - Suverenlik və ərazi bütövlüyü

Fransadakı bəzi dairələr Azərbaycanı Qarabağı Ermənistana "verməyə" çağırır. Bununla əlaqədar olaraq Fransanın oxşar vəziyyətlərdəki fəaliyyəti maraq doğurur.

Belə ki, 1870-1871-ci illərdəki Fransa-Prussiya müharibəsi nəticəsində Almaniya fransız Elzas və Lotaringiya vilayətlərini anneksiya etdi. Fransa öz ərazisinin itkisi ilə razılaşmayıb. Bu vilayətlərin geri qaytarılması və Almaniyadan qisas alınması (revanşizm) Fransada milli fikrə çevrildi. Fransız xəritələrində Elzas və Lotaringiya qara rəng ilə qeyd edildi. Fransız məktəblərində bu iki əyalətə həsr olunmuş xüsusi dərslər keçirildi. Paris şəhərinin mərkəzindəki Concorde Meydanında yerləşən Strazburq şəhərinə (Elzas əyalətinin paytaxtı) həsr olunmuş abidə milli matəm və mübarizə simvoluna çevrildi. O qara parça ilə örtüldü. Onun yanında mitinqlər keçirildi.

Bir çox tarixçi hesab edir ki, məhz Fransanın revanşist siyasəti Birinci Dünya Müharibəsinə səbəb oldu. Birinci Dünya Müharibəsinin nəticəsində Elzas və Lotaringiya Fransa tərkibinə qaytarıldıqdan sonra Parisdəki Strasburq abidəsinin ətrafında ələ keçirilmiş alman silahlarının sərgisi təşkil edildi.

Fransa təmsilçiləri də daxil olmaqla bir çox Avropa xadimləri dəfələrlə qeyd edirlər ki, Avropa İttifaqının və Şengen zonasının yaradılması dövlət sərhədlərini faktiki olaraq ləğv edib. Maraqlıdır, əgər Almaniya yenidən Elzas və Lotaringiyaya iddialar irəli sürərsə, Fransanın mövqeyi necə olacaq? Əgər alman vergi müfəttişləri Elzasda vergi toplamağa çalışsalar, Fransa hökuməti nə edəcək? Əgər Almaniya kansleri "Elzas Almaniyadır və nöqtə" bəyan edərsə Fransa Prezidenti necə reaksiya göstərəcək?

İttiham 2 - Sərhədlərin müəyyən edilməsi

Fransız xadimləri erməni təbliğatçılarının "Stalin Qarabağı Azərbaycana verdi" uydurmasını tirajlayırlar.

Bu tarixi mif tamamilə əsassızdır. 1921-ci ildə Qafqaz Bürosunun (Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı) rəsmi qərarı ilə Qarabağın Azərbaycanın tərkibində saxlanılması qərarı verildi. Fransa özü ərazilərin bölünməsi və sərhədlərin yenidən çəkilməsi sahəsində zəngin təcrübəyə malikdir. Burada bəzi Afrika ölkələrinin sərhədlərinin mükəmməl şəkildə çəkilmiş konturlarını xatırlaya bilərik. Fransız müstəmləkəçiləri, mövcud düzəni pozduqarını və gələcək üçün çoxsaylı problemlər yaratdıqlarını düşünmədən xəritədə onların sərhədlərini müəyyən etdilər.

İmperialist yanaşmanın ən bariz nümunəsi, şübhəsiz ki, 1916-cı ildəki bədnam “Sykes-Picot” razılaşmasıdır. Bu razılaşmanın mənfi nəticələri Yaxın Şərqin bir çox xalqları tərəfindən hələ də hiss olunur.

İttiham 3 - Gücdən istifadə

Fransa xadimləri Azərbaycanı Dağlıq Qarabağ münaqişəsində gücdən istifadə etməkdə ittiham edirlər.

Bu adamlar unutmamalıdırlar ki, Azərbaycan özünümüdafiə hüququ çərçivəsində və öz ərazi bütövlüyünü bərpa etmək üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri uyğun olaraq güc tətbiq edir. 19-cu əsr boyunca Fransa Afrika və Asiyadakı müstəmləkə müharibələri zamanı fəal şəkildə güc tətbiq edib. Fransanın bu fəaliyyətinin heç bir hüquqi əsası yox idi. 1945-ci ildə alman işğalından azad olan Fransa yenidən müstəmləkə mülkiyyətini qoruyub saxlamaq üçün yenidən fəal şəkildə güc tətbiq etməyə başladı. Onun bu fəaliyyət nəticəsində, xüsusilə Vyetnam və Əlcəzairdə milyonlarla insan həlak oldu.

İttiham 4 - Muzdlular

Bəzi Fransa nümayəndələri Azərbaycan və Türkiyəni xarici muzdluların cəlb edilməsi və onlardan istifadə olunmasında ittiham edirlər. Bu ittihamların heç bir əsası yoxdur. Onlar erməni təbliğatının tezislərinin yayılmasından başqa bir şey deyildir.

Fransa nümayəndələri bunu yaxşı başa düşməlidirlər. Çünki məhz Fransa 20-ci əsrin ikinci yarısında muzdluların istifadəsində lider olub.

Həmin dövrdə müstəmləkəçiliyin saxlanılması (de-kolonizasiya) qeyri-mümkün idi. Afrika və Asiyadakı bir sıra fransız müstəmləkəsi müstəqil dövlət oldu. Fransa onların fransız təsir dairəsindən çıxmalarından çəkinirdi. Öz mövqelərini qoruyub saxlamaq üçün gücdən istifadə etmək lazım idi. Lakin bunun üçün rəsmi strukturlardan istifadə mənfi təsir doğura bilərdi. Buna görə də, Fransa müvafiq beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq, muzdluların xidmətindən fəal və geniş istifadə etməyə başladı. Məşhur nümunələrdən biri də Bob Denardır. Onlar müharibələrdə iştirak edir, terror hücumları törədir və dövlət çevrilişləri edirdilər.

İttiham 5 - Erməni terrorçuluğu

Fransa nümayəndələri Azərbaycanı dinc əhaliyə qarşı terrorda ittiham edir. Bu ittihamların da heç bir əsası yoxdur. Azərbaycan Silahlı Qüvvələri Cenevrə Konvensiyaları daxil olmaqla, beynəlxalq humanitar hüquqa riayət edir.

Ermənistan humanitar atəşkəs ilə bağlı bütün razılaşmaları kobud şəkildə pozur. Ermənistan silahlı qüvvələri Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhərlərinə (məsələn, Gəncə, Bərdə, Tərtər və s.) zərbələr endirir. 

Fransız xadimləri məhz erməni tərəfinin dinc əhaliyə qarşı terror törədilməsində - özü də məhz Fransa ərazisində zəngin təcrübəyə malik olduğunu xatırlamalıdır. Erməni terrorçu təşkilatları Fransa ərazisində bir çox qanlı terror hücumları törədib və nəticədə Fransa vətəndaşları həlak olub və ya yaralanıb.

Bu xüsusda Monte Melkonyan və Varuzhan Karapetyan kimi erməni terrorçularını xatırlamağa dəyər. Onlar Fransa məhkəmələri tərəfindən mühakimə olundular və Fransa həbsxanalarında saxlanılıblar. Monte Melkonyan Dağlıq Qarabağda qanlı bir iz qoyub. Onun rəhbərlik etdiyi dəstə azərbaycanlı mülki əhaliyə qarşı çoxsaylı hərbi cinayətlər və insan haqları pozuntuları törədib. Hər iki cinayətkar Ermənistanda milli qəhrəman kimi hesab edilir.

İttiham 6 - "Dağlıq Qarabağ"ın tanınması

Bir sıra Fransa şəhərləri, bölgələri və bələdiyyələri tərəfindən Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin tanınmasına dair qərar qəbul edilib. Bu rejim Ermənistan tərəfindən yalnız özünün Azərbaycana qarşı təcavüzünün, Azərbaycan ərazilərinin işğalının və dinc Azərbaycanlı əhalinin etnik təmizlənməsinin nəticələrini örtbasdır etmək məqsədi ilə yaradılıb.

Bu rejim legitimliyi yoxdur. O, heç bir beynəlxalq təşkilat və Ermənistan da daxil olmaqla, heç bir dövlət tərəfindən tanınmır.

Bu rejimin tanınması qeyri-qanuni aktdır. Bu kimi addımlar beynəlxalq və milli hüququ pozur. Onlar Azərbaycana münasibətdə qeyri-dost xarakteri daşıyır.

Bu xüsusda, bu cür avantürist hərəkətlər edən şəhər və bölgələrin yerli rəhbərləri, ilk növbədə seçiciləri qarşısında məsuliyyətlərini unutmamalıdırlar. Bu kimi addımlar Azərbaycandan cavab tədbirlərinə gətirib çıxara bilər. İlk növbədə isə, bu Azərbaycanla bağlanmış (və ya bağlanmalı olan) ticarət müqavilələrinin taleyinə təsir edəcək.

Beləliklə, bu Fransanın müəyyən bölgələrində mənfəət itkisinə və iş yerlərinin bağlanmasına səbəb ola bilər. Bu da öz növbəsində Fransada bütün səviyyələrdə keçiriləcək növbəti seçkilərin nəticələrinə təsir göstərəcək.

 

 
Paylaş: