🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

DSX rəisi “Harop”, “Quzğun” və “Hermes” PUA-larından DANIŞDI

15.12.2020 13:35 434 baxış sayı 7 dəq. oxuma
DSX rəisi “Harop”, “Quzğun” və “Hermes” PUA-larından

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevə məktub yazıb.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Böyük qürur hissi ilə məruzə edirəm ki, Azərbaycan tarixinin ən böyük sərkərdəsi kimi Müzəffər Ali Baş Komandanlığınız altında Vətən Müharibəsində iştirak etmək hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəfdir.

Bu tarixi Zəfərin müəllifi və ən əsas təminatçısı - siyasətilə, iradəsilə, qətiyyətilə, cəsarətilə bütün dünyanın təzyiqlərinə baxmayaraq, həm döyüş meydanında, həm diplomatiya müstəvisində, həm də informasiya müharibəsində düşmənə sarsıdıcı və həlledici zərbələr vuran Sizsiniz!

Bu gün Ermənistan silahlı qüvvələrinin əzəli torpaqlarımızdan qovulması və dövlət sərhədlərimizin bütövlüyünün bərpa edilməsi, işğaldan azad olunan ərazilərimizdə üçrəngli Dövlət bayrağımızın ucaldılması uğrunda müqəddəs Vətən müharibəsinin iştirakçısı olan hər bir Azərbaycan sərhədçisi Ali Baş Komandanlığınız ilə əldə olunan şanlı Qələbənin sevincini yaşayır.

44 günlük Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidməti qarşısında qoyduğunuz döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edilmiş, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yaxından iştirak etmişlər.

Vətən müharibəsinin ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazi azad edilmiş, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirilmişdir. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu Dövlət bayrağımız sancılmış, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad edilmişdir.

Dövlət Sərhəd Xidmətinin "Harop”, "Quzğun” və "Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilmiş, ümumilikdə 290 düşmən hədəfi məhv edilmişdir.

Azərbaycan dövlətçiliyinə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən, Ali Baş Komandanlığınız altında işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən, rəşadət və qəhrəmanlıq nümunələri göstərən hərbi qulluqçularımızın döyüş məharətinin Zati-aliniz tərəfindən yüksək qiymətləndirilməsi, 41 nəfər Azərbaycan sərhədçisinə "Vətən Müharibəsi Qəhrəmanı” adının, "Zəfər” və "Qarabağ” ordenlərinin verilməsi Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.

Azərbaycan sərhədçisinə göstərdiyiniz bu ali diqqət və qayğıya, yüksək etimada görə şəxsən öz adımdan və Dövlət Sərhəd Xidmətinin bütün hərbi qulluqçuları adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü ifadə edirəm.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Sizi əmin edirəm ki, Vətəninə, dövlətinə, Prezidentinə xidmət etmək qürurunun daşıyıcısı olan hər bir Azərbaycan sərhədçisi bundan sonra da əzmlə xidmət edəcək, doğma Azərbaycanımızın təhlükəsizliyi və inkişafı naminə səy və bacarığını əsirgəməyəcəkdir!”

Paylaş: