🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Döyüşdə yaralanan Xalq artisti: “Aldığım zədələr məni ana olmağa qoymadı”

07.12.2020 07:20 627 baxış sayı 18 dəq. oxuma
 Döyüşdə yaralanan Xalq artisti:
Qarabağ uğrunda gedən döyüşlərdə əlil olan ilk və son Xalq artisti, Şuşa Dövlət Dram Teatrının aktrisası Şükufə Musayeva ilə müsahibəni təqdim edirik.
 
- Şükufə xanım, Bərdə şəhərində anadan olub, orda böyümüsünüz. Amma çox adam elə bilir şuşalısınız..
 
- Çünki mən Şuşanı ən az orda doğulan insanlar qədər sevirəm. Şuşaya ilk dəfə gələndə o yerlərə aşiq olmuşdum. Uşaqlıqdan aktrisa olmaq istəmişəm. Mədəniyyət və İncəsənət Universitetində təhsil almaq istəsəm də, bu istəyim o illərdə reallaşmadı. Elə oldu, Şuşa Mədəni-Maarif Texnikumunun dram fakültəsinə sənəd verdim. Qəbul olundum. Oxuduğum müddətdə müəllimlərim istedadımı görmüşdülər. Xüsusilə Şuşa Dövlət Dram Teatrının direktoru Yadigar Muradov mənim istedadımı yüksək qiymətləndirdi. Xalq teatrında oynanılan tamaşalara dəvət etdi. Həm təhsil alırdım, həm də tamaşalarda iştirak edirdim. Hərdən deyirəm, Şuşa mənim taleyimdir.
 
1988-ci ildə texnikumu bitirəndə artıq Qarabağın başının üstünü dumanlar almağa başlamışdı. Buna baxmayaraq təyinatımın Şuşa Mədəniyyət Evinə verilməsini istədim. O zaman hələ Şuşa Teatrı yox idi. 90-cı illərdə Şuşa Dövlət Dram Teatrı açıldı və mən o teatrın ilk aktrisalarından oldum.
 
- Həm də Azərbaycanda döyüşüb yaralanan ilk Xalq artistisiniz. İncəsənət adamını, gənc və gözəl bir qadını müharibəyə çəkən nə idi?
 
- Yalnız və yalnız vətən sevgisi. Vətənimin işğal olunmasına kənardan baxa bilməzdim. O vaxt vəziyyət sizin təsəvvür etdiyinizdən də ağır idi. Və mən Şuşanı sevirdim. İnsan sevdiyinin əlindən alınmasını sakit qarşılaya bilməz.
 
- Belorus yazıçı Svetlana Alekseyeviçin müharibə qadınlarından bəhs edən "Müharibə qadın simalı deyil” sənədli romanında döyüşçü qadınlara cəbhə xatirələrini xatırlamaq əzab verir. Siz cəbhədə qadın olmağı bir cümlə ilə necə ifadə edərdiniz?
 
- Açığını deyim, mən o əsəri oxumamışam, amma adı diqqətimi cəlb etdi. Doğurdan da müharibə qadın simalı olmur. Cəbhədə qadın anlayışı olmur. Mən orda qadın deyildim. Döyüşçü idim. Hamı mənə döyüşçü kimi yanaşırdı. Bütün hisslərimi unutmuşdum. Sevgi, qorxu, həyəcan.... Heç nə hiss etmirdim. Mən fəxrlə xatırlayıram o illəri. Çünki cəbhədə Azərbaycan qadınlarının utanacağı heç nə yaşanmayıb.
 
- Bildiyimə görə, gec ailə həyatı qurmusunuz. Bunun səbəbini müharibə ilə əlaqələndirmək olar?
 
- Gec ailə qurmağımın əsas səbəbkarı özüm olmuşam. Mənim bütün fikrim işğal olunan torpaqlarımızda və sənətimdə olub. Ağır yaralanandan sonra tərxis olundum. Ondan qısa müddət sonra da atəşkəs elan edildi. 1995-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivində qiyabi rejissorluq təhsili aldım. Öz sənətimdə nə isə əldə etmək istəyirdim. Mənə elçi gələnlər çox olurdu. Amma istəmirdim. Çünki sənəti davam etdirməyimi istəmirdilər.
 
- Həyat yoldaşınızla necə tanış oldunuz?
 
- Həyat yoldaşım uzaq qohumumuzdu. Sənətimi də qəbul etdi. Hər şey yaxşı oldu. Amma müharibədə aldığım zədələr məni ana olmağa qoymadı. On uşaq anası olmaq istəyirdim, amma biri də olmadı. Müharibə mənim arzularımın, istəklərimin üstündən qara xətt çəkdi.
 
- Şuşada kimin batalyonunda döyüşürdünüz?
 
- Qarabağda müharibə başlayanda mən könüllü cəbhəyə yollandım. Sonra Müdafiə Nazirliyinin xətti ilə 856 saylı batalyona göndərildim.
 
- Şuşanın işğalını necə xatırlayırsınız?
 
- Şuşa işğal olunanda orda deyildim. Əgər orda olsaydım bu gün sizinlə söhbət edə bilməyəcəkdim. Çünki son nəfəsimə qədər döyüşüb orda şəhid olacaqdım. Mən o torpağı qoyub gəlməzdim. Şuşada döyüşlər gedəndə mən Laçının Anakirs deyilən ərazisində idim. Orda da qızğın döyüşlər gedirdi. Erməni bu istiqamətdən də hücuma keçmişdi. Biz döyüşüb onları geri çəkilməyə məcbur etmişdik. Şuşanın işğal xəbərini Laçında aldım. Dünyam başıma yıxıldı. Laçında camaat "Şuşa” deyib ağlaşırdı. Mən qulaqlarıma inanmırdım. Onların üstünə qışqırırdım. Deyirdim, siz nə danışırsınız? Şuşa işğal oluna bilməz! Birdən çevrilib Şuşa tərəfə baxdım. Gördüm, tüstüsü ərşə qalxıb. Çox istəsəm də Şuşaya tərəf gedə bilmədim. Artıq ermənilər Ankirs tərəfdən Laçına hücuma keçmişdi.
 
- Heç əsir düşməkdən qorxduğunuz anlar oldumu?
 
- Yox. Çünki üstümüzdə həmişə qumbara olurdu. Düşmənə əsir düşmək təhlükəsi yaransa, fitilini çəkib həm özümüz ölməliydik, həm də düşməni məhv etməliydik. Şuşanı dağıdırdılar. Böyük bir bina gözümün qarşısında uçdu. Çox qəribə idi, qətiyyən qorxu hissi keçirmirdim. Yadıma gəlir, martın 18-də Şuşaya atırdılar. Mən də pasport üçün şəkil çəkdirmişdim. Gedib şəkli fotostudiyadan götürəndə qəfil atəş açıldı. Fotoqraf qaçdı. İnsandır, mən onu qınamıram. Girdi stolun altına. Mən onu sakitləşdirdim, qorxmayın, dedim. İndi də bilmirəm mənim qorxu hissim necə oldu, o günlərdə yoxa çıxdı. Oradan çıxanda gördüm, hamı qışqırıb qaçır. Şəhər tüstü içindədir. Hər saniyə ölüm idi. Amma mən yerimdə dayanıb baxırdım. Birdən kimsə kürəyimdən vurdu, dedi, qaç Musayeva, nə dayanmısan? Dönüb gördüm müəllimimizdi. Dedim, müəllim, siz gedin mən gələcəm. Həmin vaxt başıma qırıq şüşələr töküldü. Amma mənə heç nə olmadı.
 
- Sizdən başqa batalyonda neçə qadın döyüşürdü?
 
- Çox idi. On beş-iyirmi nəfər olardı. Heç birimizdə qorxu yox idi. Qorxsaydıq orda olmazdıq.
 
- Tez-tez xatırladığınız başqa hansı hadisə var?
 
- Çoxdur. Döyüş yoldaşlarımın gözümün qarşısında şəhid olmalarını unuda bilmirəm. Elə olurdu, söhbət etdiyimiz yerdə bomba düşüb yoldaşlarımı gözüm görə-görə parça-parça edirdi. Bir də heç vaxt yadımdan çıxmayan bir səhnə var. Biz batalyonumuzdakı yaralıları xəstəxanaya çatdırırdıq. Xəstəxananın həyətində çoxlu tabut gördüm. Soruşdum, bu boş tabutları niyə burda saxlamısınız? Dedilər, onların içi boş deyil, içində kimliyi bilinməyən şəhidlərimiz var. Ünvanları da yoxdur ki, göndərək. Gözləyirik. Gələn olmasa, özümüz aparıb dəfn edəcəyik. Mənə çox təsir etdi. Həmişə ağlamışam o kimsəsiz şəhidlərə. Gizlin-gizlin, için-için...
 
- Yaralanma anınızı necə xatırlayırsınız?
 
- Ağdərə uğrunda gedən döyüşdə yaralandım. Yadıma gələn odur ki, mən yaralı yoldaşlarımızı döyüş meydanından çıxarıb BMP-yə daşıyırdım. Rəhmətlik Milli Qəhərman Şakir Salahov məni səslədi, dedi, bacı, ver, burdan o yana mən aparacam. Xərəyi məndən aldı. Elə bir az aralanmışdım, dəhşətli partlayış səsi gəldi. Bircə söz eşitdim: "Ay Allah öldüm!” Atılan mərmi onun bədənindən keçib BMP-yə girmişdi. Bizi isə qəlpələr tutdu. Mən huşumu itirdim. Ayılanda gördüm, BMP yanır. Xatırladığım odur ki, komandiri səsləyib deyirdim, komandir, kömək edin, uşaqlar yandı! Həmin gün 8 nəfər ağır yaralandıq, iki nəfər şəhid oldu. Çoxu deyirdi, mən qayanın dibinə düşmüşəm. Yıxılanda gülümsəmişəm.
 
- Xəstəxanada nə hiss etdiniz?
 
- Mən 100 qəlpə yarası almışdım. Çox qan itirmişdim. Boğaz damarlarımda, üzümün müxtəlif nahiyələrində qəlpə izləri var. Gözümün ağında belə qəlpə var idi. Hələ də soyuq havalarda gözlərim ağrıyır. Qulaq pərdəm dağılmışdı. Bir qulağım eşitmə qabiliyyətini itirib. Beyin çatı əmələ gəlmişdi. Saatlarla üstümdə əməliyyat aparıldı. Əməliyyat otağında eşitdiyim bir sözü xatırlayıram. "Allaha şükür ki, ölmədi”. Uzun saçlarım var idi. Başımın arxasındakı qəlpəni çıxartmaq üçün saçlarımı kəsdilər. Çox ağladım, istəmirdim saçıma toxunsunlar.
 
- Deyəsən, uzun fasilədən sonra qadın olduğunuzu hiss etmişdiniz.
 
- Hə. Canımın ağrısı yadımdan çıxmışdı. Sağ qalıb-qalmayacağım məlum deyildi. Amma saçlarımı itirmək bir qadın kimi mənə ağır gəlirdi.
 
- Bu dəhşətli mənzərələrin yaratdığı psixoloji travmalara necə qalib gəldiniz?
 
- Mənim ən böyük xoşbəxtliyim o oldu ki, aktrisa kimi fəaliyyətimi bərpa edə bildim. Psixoloji sarsıntılarımdan qismən də olsa xilas olmaqda sənətimin çox əhəmiyyətli rolu oldu. Sənətimlə təsəlli tapdım. Müharibənin ağrılarını sənətim vasitəsilə göstərməyə çalışmışam. Biz Xocalını gözümüzlə görmüşük. Mən o dəhşətli faciədən pyeslər yazmışam. Biz o pyesləri səhnəyə qoymuşuq. "Qanlı tarix”, "Xocalı adlı məmləkətim vardı”, "Külü qalmış Xocalı”, "Mən əsgər olacam” və s.
 
- Şuşa işğal olundu, Şuşa Teatrı Bakıya köçdü. Uzun illər binası olmadı. Zaman-zaman maliyyə problemləri yaşandı. Bütün bu çətinliklərə rəğmən başqa teatrlara getmək barədə düşündünüzmü?
 
- Mənim Şuşaya vəfa borcum var. Elə günlər olub, bir qəpik pulum olmayıb, işə piyada gedib gəlmişəm. Teatrlardan dəvətlər olub. Amma başqa teatra keçmək haqqında düşünməmişəm. Paralel olaraq Mədəniyyət evində, Xalq Teatrında rejissor kimi fəaliyyət göstərmişəm. Amma Şuşa Teatrı ilə bağlarımı qoparmağa ürəyim gəlməyib.
 
- Qələbə xəbəri keçmiş döyüşçülərə bir başqa təsir bağışlayır. Şuşanın azadlıq xəbərini necə qarşıladınız?
 
- Sevindiyimdən ürəyim partlamaq dərəcəsinə çatdı. Həyatımda heç vaxt o gün sevindiyim kimi sevinməmişəm.
 
- Şuşa Dram Teatrı yenidən Şuşaya qayıdacaq. Orda, Şuşada, doğma teatrın binasında hansı tarixi qadın obrazını canlandırmaq istərdiniz?
 
- Mən çox şey istəyə bilərəm, amma reallıq var. Aktrisanın hansı obraza uyğun olmasını rejissor müəyyən edir. Amma həmişə arzu etmişəm ki, Tomris obrazını canlandırım.
Paylaş: