03.03.2021 11:30
6 abunə
813
Dövlət qulluğuna imtahanda qadınların göstəriciləri daha yüksək olub - DİM
19 fevral 2021-ci ildə inzibati icraçı və rəhbər vəzifələrə (A və B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatlar açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında bəzi statistik məlumatları təqdim edirik.
Qeydiyyatdan keçən namizədlərin 1008 nəfəri kişi, 1084 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 931 nəfər (qeydiyyatdan keçənlərin 92.4%-i), qadınlar üzrə isə 1005 nəfər (qeydiyyatdan keçənlərin 92.7%-i) 20-34 yaş intervalında olanlardır. Yuxarı yaş qrupları (45-64 yaş intervalı) üzrə 17 nəfər (9 kişi, 8 qadın) qeydiyyatdan keçsə də, imtahanda yalnız 1 nəfər (1 qadın) uğur qazana bilib. Ümumiyyətlə, imtahanda iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 4 nəfər imtahanı uğurla keçib.
Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən 651 nəfər (uğur əldə edənlərin təqribən 88%-i, 281 kişi və 370 qadın) 20‑29 yaş intervalında olan namizədlərdir. 30-39 yaş intervalında isə 85 nəfər (42 kişi və 43 qadın) lazım olan balı toplaya bilib.
Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 721 nəfəri, yəni təqribən 97.4%-i yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 19 nəfərdir.
Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2092 namizəddən 740 nəfəri (35.4%) müvəffəqiyyət əldə edib. Nəticələrə kişi və qadınlar üzrə ayrıca baxsaq görərik ki, qadınların müvəffəqiyyət göstəriciləri nisbətən yüksək olub. Belə ki, qeydiyyatdan keçmiş 1008 kişidən 324 nəfər (32.1%), 1084 qadından isə 416 nəfər (38.4%) uğur əldə edib.