Ard-arda dəstək mesajları verən cənub qonşusu
Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsindən sonra bir çox dövlətlər bəyanat verərək Azərbaycanın yanında olduqlarını bildirdilər.
İlk dəstək qardaş Türkiyədən və Pakistandan gəlib. Azərbaycanın cənub qonşusu İran da müharibənin başladığı ik günlərdən Azərbaycanın maraqlarına uyğun açıqlamalar verib.
Belə ki, oktyabrın 3-də İran parlament sədrinin beynəlxalq məsələlər üzrə xüsusi müavini Hüseyn Əmir Abdullahiyan öz tvitter hesabında Birləşmiş Millətlər Təşkilatının qətnamələrində Azərbaycanın Dağlıq Qarabağ üzərində hakimiyyətinin vurğulandığını bəyan edib.
Oktyabrın 4-də İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi İranın Azərbaycanın ərazi bütövlüyünün tərəfdarı olduğunu qeyd edib və erməni işğalının sona çatmasının bölgədəki sabitliyin qarantı olacağını vurğulayıb.
O, eyni zamanda BMT Təhlükəsizlik Şurasının qətnamələri nəzərə alınmaqla, İranın münaqişənin dialoq yolu ilə və beynəlxalq hüquq çərçivəsində həllinə dəstək verməyə hazır olduğunu bildirib.
Oktyabrın 5-də İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə Ermənistana Dağlıq Qarabağın işğalına son verməsi barədə çağırış edib. S. Xətibadə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı olduğunu qeyd edib.
Oktyabrın 6-da İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyanatında Azərbaycanın bir milyondan çox qaçqın və köçkününün evlərinə qayıtmalı olduğunu vurğulayıb.
Oktyabrın 7-də İran Prezidenti Həsən Ruhani jurnalistlərə açıqlamasında Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini vurğulayıb. İran prezidenti Azərbaycan xalqının hüquqlarına hörmət edilməli olduğunu nəzərə çatdırıb.
İranın Azərbaycandakı səfirliyi də Gəncə və Bərdə şəhərlərində dinc əhaliyə qarşı terror hücumunu kəskin şəkildə pisləyən bəyanatlar verib. Səfirlik raket hücumu nəticəsində mülki vətəndaşların həlak olmasını və yaralanmasını sərt şəkildə pisləyir.
İran səfirliyi bildirir ki, beynəlxalq hüquq normalarına əsasən, şəhərlərə və günahsız insanlara hücum etmək hərbi cinayətdir və dərhal dayandırılmalıdır.
Ötən gün isə İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçi Bakıya səfər edərək Prezident İlham Əliyevlə görüşüb. Görüş zamanı Əraqçi İran İslam Respublikasının elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olduğunu və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdiyini vurğulayıb:
“Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm”.
Prezident İlham Əliyev öz növbəsində Seyid Abbas Əraqçi ilə görüşü zamanı çıxışında bəyan edib ki, Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilib: “Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını təbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaq.
Bildiyiniz kimi, bir neçə il bundan əvvəl Xudafərin və Qız qalası hidroqovşaqları və su anbarları haqqında İran-Azərbaycan müqaviləsi imzalanmışdır. Mən indi hökumətə göstəriş vermişəm ki, biz tərəfdən işçi qrup yaradılsın. Mən xahiş edirəm ki, İran tərəfindən də müvafiq qurum təhkim edilsin ki, tezliklə bu məsələləri müzakirə edək və bu obyektin birgə istismarı haqqında razılığa gələk”.
Xatırladaq ki, oktyabrın 22-də Prezident İlham Əliyev Zəngilan şəhərinin Ağbənd qəsəbəsinin işğalçılardan azad edildiyini açıqlamışdı. Bu mühüm tarixi hadisə olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində növbəti strateji qələbəmiz idi.
Qeyd edək ki, Azərbaycanın İranla dövlət sərhədi 765 km-dir, onun 132 km-i uzun illərdir ki, nəzarətsiz qalmışdı. İndi İranla olan bütün sərhədə tam olaraq Azərbaycan sərhədçiləri nəzarət edir. Bununla həm də İrana doğru işğal edilmiş ərazilərdən uzanan “qara əllər” və “qara yollar” kəsilib.
Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi iki ölkə arasında iqtisadi əlaqələri də genişləndirəcək. Bu faktor İranın Azərbaycanla sərhəd bölgələrinin daha da dirçəlməsinə, əhalinin rifah halının yaxşılaşmasına səbəb olacaq.
Beləliklə bundan sonra hər iki qonşu, dost ölkə Araz çayının su və enerji ehtiyatlarından daha səmərəli şəkildə istifadə edəcək.
Oxşar xəbərlər
Arda Gülər "Real"dan Getmək İstəyir
Bugun.az
Arda Turan koronavirusa yoluxdu
Son Xeberler
Ançelotti Arda Gülərdən vaz keçdi - "Real" Niko Pa...
Bugun.az
Ançelotti Derbi üçün Yeni Planını Açdı: Arda Güler...
Son Xeberler
"Barselona" UEFA-ya Arda Güler Barədə Şikayət Etdi
Son Xeberler
Arda Güler bu kluba keçə bilər
Bugun.az