Azərbaycanda davamlı ürək transplantasiyası proqramı qurulacaq
Azərbaycanda davamlı ürək transplantasiyası proqramının qurulması hədəflənir. Bu barədə Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev "Ürək transplantasiyası həftəsi" çərçivəsində keçirilən konfransda danışıb. Professor qeyd edib ki, məqsəd ölkədə bu sahədə davamlı və sistemli yanaşmanın formalaşdırılmasıdır.
Nigeriyada ebola şübhəsi ilə iki nəfər təcrid olunub
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Mərkəzin açıqlamasına görə, hər iki pasiyent artıq təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmaları davam etdirir.
Türkiyə və Şimali Makedoniya səhiyyə sahəsində əməkdaşlığı genişləndirir
Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu Şimali Makedoniya Respublikasının səhiyyə naziri Saşo Klekovski ilə ikitərəfli görüş keçirib. Görüş zamanı iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə "Səhiyyə və Tibb Elmləri" sahəsində anlaşma memorandumu imzalanıb.
Qaxda 7 nəfərin zəhərlənməsinin səbəbi müəyyən edilib
Qax rayonunda 7 nəfərin qidadan zəhərlənməsi ilə bağlı aparılan araşdırma yekunlaşıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, ilkin araşdırmalar nəticəsində zəhərlənmənin səbəbi müəyyən edilib. Məlum olub ki, hadisə meşələrdə toplanılan göbələklərin istifadəsi ilə əlaqədardır. Hadisə oktyabrın 29-da baş verib, Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə 6 kişi və 1 qadın müraciət edib, onlardan 5-i Bakıya təxliyə olunub.
Bakıda restoranda kütləvi qida zəhərlənməsi iddiası araşdırılır
Bakının Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında kütləvi qida zəhərlənməsi baş verdiyi iddia olunur. Hadisə Mikayıl Əliyev küçəsi, 131 ünvanında qeydə alınıb. Bildirilib ki, restoranda təxminən 34 nəfər əlilliyi olan şəxslər üçün təşkil edilən tədbirdə iştirak edib. Zəhərlənmə şübhəsi ilə 4 qadın xəstəxanaya yerləşdirilib, araşdırmalar davam etdirilir.