Quba və Qusarda sel fəlakəti: bir nəfər həlak olub
Bu gün bölgədə yağan intensiv yağışlar nəticəsində Quba və Qusar rayonları ərazisindən axan çaylarda sululuq kəskin artıb, bəzi çaylarda sel müşahidə olunub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) müvafiq tədbirlər görür. Qusarın Gündüzqala kəndindən keçən Quruçayda sel nəticəsində 27 yaşlı kənd sakini Faiq Rəsulov sel sularına qapılıb. Aparılan axtarışlar nəticəsində onun meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək bildirib ki, yağmurlu hava şəraiti bəzi rayonlarda aprelin 7-nə kimi davam edə bilər və dağ çaylarında sel təhlükəsi qalmaqdadır.
Toğanalı-Kəlbəcər-İstisu yolunda qar uçqunu - hərəkət məhdudlaşdırılıb
Bu gün günorta saatlarında Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun Murovdağ ərazisindən keçən hissəsində qar uçqunu qeydə alınıb. Hadisə nəticəsində yolun hərəkət hissəsi 10-15 metr hündürlükdə qar kütləsi ilə örtülüb. Azərbaycan Avtomobil Yolları idarəsi tərəfindən yolda hərəkət məhdudlaşdırılıb və təmizlik işlərinə başlanılıb.
Keşlədə kollektor qəzası: qanunsuz tikilmiş ev sökülüb
Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsində intensiv yağışlar nəticəsində ciddi su basma problemi yaranıb. Araşdırma nəticəsində məlum olub ki, problemin səbəbi uzun illər əvvəl Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında diametri 1200 mm olan tullantı su kollektorunun üzərində tikilən ikimərtəbəli evdir. Kollektor çökmüş, yağış suları ərazidə ciddi fəsadlar yaradıb. ADSEA sədri Zaur Mikayılov və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qəza baş verən ərazidə olublar. Qanunsuz tikilmiş ev sökülüb və bərpa işlərinə başlanılıb.
Gəncədə 1 yaşlı körpə xəstəxanada vəfat edib
Gəncə Birləşmiş Uşaq Xəstəxanasında 1 yaşlı körpənin ölümü qeydə alınıb. 2025-ci il təvəllüdlü uşaq hərarət şikayəti ilə Şəmkir rayonunun Alabaşlı kəndindən xəstəxanaya gətirilmişdi. Körpəyə xəstəxanada sistem köçürülüb, lakin bundan sonra vəziyyəti pisləşib və uşaq vəfat edib. Hadisə ilə bağlı araşdırma aparılır.
Abşeronda yağış fəsadları aradan qaldırılır
Abşeron rayonunda intensiv yağışların yaratdığı problemlərlə bağlı rayon icra başçısı Abdin Fərzəliyev, ADSEA-nın Regional Su Meliorasiya idarəsinin sədri Zakir Quliyev və digər qurum rəhbərləri zərər çəkmiş ərazilərdə olublar. Rəsmilər sakinlərlə görüşərək yaranmış vəziyyəti yerində araşdırıb və problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görüblər.