
Kamerunda Prezident Seçkiləri Ətrafında Gərginlik: Müxalifətin Manipulyasiya İddiaları Ölkəni Xaosa Sürükləyir
Oktyabrın 12-də Kamerunda keçirilən prezident seçkilərinin rəsmi nəticələri gözlənilərkən, müxalifətin hakimiyyəti seçki prosesində saxtakarlıqda ittiham etməsi ölkədə siyasi gərginliyi xeyli artırıb. Konstitusiya Şurasının açıqlamasına əsasən, yekun nəticələr oktyabrın 27-si yerli vaxtla saat 11:00-da elan edilməlidir. Seçki Komissiyasının yaydığı ilkin nəticələrə görə, hazırkı Prezident Paul Biya 53,66% səslə irəlidədir, əsas rəqibi İssa Tçiroma Bakari isə 35,66% səs toplayıb. Lakin müxalifət lideri Bakari rəsmi elanı gözləməyərək tələsik keçirdiyi mətbuat konfransında seçkidə qalib gəldiyini bəyan edib. O, partiyasına daxil olan protokolların onu böyük fərqlə öndə göstərdiyini iddia edərək, hökuməti nəticələri bilərəkdən manipulyasiya etməyə cəhd göstərməkdə ittiham edib.
Hakimiyyət tərəfi müxalifət liderinin bu çıxışını qanunsuz və təxribat xarakterli hesab edib. Onlar xüsusi olaraq qeyd ediblər ki, seçki prosesi yalnız Konstitusiya Şurasının rəsmi qərarı ilə başa çatdırıla bilər. Hakim düşərgə Bakarini ölkəni xaosa sürükləməyə çalışmaqda günahlandırıb. Bu bəyanatlardan sonra müxalifət lideri İssa Tçiroma Bakarinin doğulduğu Qarua şəhərində hökumət əleyhinə geniş etiraz aksiyaları başlayıb. Bu nümayişlər qısa zamanda ölkənin bir çox şəhərlərinə yayılıb. Baş verən iğtişaşlar zamanı onlarla insan saxlanılıb, Qarua şəhərində isə iki nəfər həyatını itirib.
Gərgin siyasi mühitdə ölkədə son iki gündür ki, ciddi internet kəsintiləri müşahidə olunur. Kamerunun bir çox böyük şəhərlərində internetə çıxış tamamilə məhdudlaşdırılıb, bəzi ərazilərdə isə yalnız zəif bağlantı əldə etmək mümkündür. Hökumət bu vəziyyətin səbəbini texniki nasazlıq kimi təqdim etsə də, müxalifət bu kəsintilərin seçki prosesinə təsir etmək məqsədi daşıyan bilinçli bir hərəkət olduğunu iddia edir. Xatırladaq ki, Paul Biya 1982-ci ildən bəri Kamerunda hakimiyyətdədir. O, hazırda 46 ildir vəzifədə olan Ekvatorial Qvineya Prezidenti Teodoro Obiang Nguema Mbasoqodan sonra dünyanın ən uzun müddət vəzifədə qalan ikinci dövlət başçısıdır.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Gürcüstan Prezidenti Seçkiləri Tanımadı
Bugun.az

Bitcoin Tarixdə Ən Yüksək Səviyyəyə Çatdı!
Texnologiya xəbərləri

X Platformunun Siyasi Manipulyasiya İddiaları Fran...
Texnologiya xəbərləri

Gürcüstan Etiraza Hazırlaşır
KIBRIT MEDIA

Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkilə...
Azəri Xəbər

Seçkilərin vaxtı açıqlandı
Xəbər Anı


