Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Ucuz ət alarkən diqqətli olun

24.10.2025 16:23 5 baxış sayı 3 dəq. oxuma Metbuat
Ucuz ət alarkən diqqətli olun

Son vaxtlar regionlarda yayılan dabaq xəstəliyinə görə ətin qiymətində müəyyən artım hiss olunur. Bu artımla əlaqədar bəzi yerlərdə daha ucuz ət satıldığı barədə iddialar var. Məlumatlara görə, bu ətlər xaricdən gətirilir. İdxal edilən həmin ətlər sağlamlıq üçün təhlükəli sayıla bilərmi? Qida eksperti İlkin Şirinov bildirir ki, idxal olunan ətlərlə bağlı əsas məsələ onların keyfiyyəti və düzgün nəzarət mexanizmlərinin işləməsidir.


Ekspertə görə, xaricdən gətirilən ətlərin mənşə ölkəsində heyvan sağlamlığına dair rəsmi sertifikatların olması vacibdir. Kəsim, emal, qablaşdırma proseslərinə və onların rəsmi qeydiyyatına da ciddi nəzarət edilməlidir. Hər idxal partiyasının özünəməxsus sənədləri, eyni zamanda sanitar-baytarlıq nəzarəti haqqında sertifikatları olmalıdır. İdxal olunan ətlərin əksəriyyəti buzlu, yəni dondurulmuş şəkildə gətirilir. Buna görə də bu ətlərin satışı da eyni şəraitdə - soyuducularda həyata keçirilməlidir. Ət əvvəlcə dondurulub, sonra əridilib və yenidən dondurularaq satışa çıxarılarsa, bu, müxtəlif problemlərə səbəb ola bilər. Hər idxal partiyası üzrə mənşə, emal tarixi, daşınma şərtləri və sertifikat məlumatları izlənilə bilən şəkildə təqdim olunmalıdır. Bu, müştəri ilə satış nöqtəsi arasında hər hansı boşluq yaranmaması üçün zəruridir.


İlkin Şirinov qeyd edir ki, idxal olunan ətlər üçün gömrük bəyannamələri, baytarlıq şəhadətnamələri, keyfiyyət və qida təhlükəsizliyi sertifikatları hər partiya üzrə ayrıca təqdim edilməlidir. Bütün sənədlər Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tam məsuliyyətlə yoxlanıldıqdan sonra verilməlidir. Sənədlərin yoxlanılması həm istehlakçının hüquqlarının qorunması, həm də satış nöqtələrinin məsuliyyət daşıması baxımından önəmlidir. Müştəri üçün əsas məsələ məhsulun sertifikatının hansı qurum tərəfindən verildiyi deyil, aldığı ətin keyfiyyəti, qoxusu və rəngidir. Hər hansı problem yaranarsa, müştəri marketə şikayət edir. Buna görə də məhsulun satışını uyğun şərtlərlə həyata keçirmək satış nöqtələrinin əsas öhdəliyidir.


O
Ekologiya müxbiri

Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.

Bütün məqalələrə baxın
Paylaş: