
"Tramp Ukraynanın təhlükəsizliyini Avropaya həvalə etdi" -Politoloq

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə keçirdiyi görüş beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Metbuat.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu görüşün nəticələrini şərh edərək bildirib ki, Vaşinqton danışıqlarından iki mühüm mesaj çıxarmaq mümkündür. Şahinoğlunun sözlərinə görə, Zelenski artıq “ərazi mübadiləsinin” müzakirəsinə qarşı çıxmır, ancaq tələsmir:
“Ukrayna Prezidenti bu məsələni tamamilə rədd etmir. Amma o, əvvəlcə Rusiya Prezidenti Vladimir Putinlə təkbətək və daha sonra Trampın iştirakı ilə üçtərəfli görüşün nəticələrini gözləmək niyyətindədir. İkinci mühüm məqam isə təhlükəsizlik təminatları ilə bağlıdır. Tramp müharibə dayandırıldıqdan sonra Ukraynaya xüsusi təhlükəsizlik təminatının veriləcəyini bəyan etdi. Bu, NATO üzvlüyü xaricində hazırlanacaq mexanizm olacaq. ABŞ qoşun göndərməyəcək və maliyyələşmədə iştirak etməyəcək. Bu yük Avropa dövlətlərinin üzərinə düşəcək. Kiyev üçün ən real yol Qərb ölkələrinin hərbi bazalarının Ukrayna ərazisində yerləşdirilməsidir”.
Politoloq xatırladıb ki, Rusiya Prezidenti Putin Alyaskadakı görüşdə istədiyi əraziləri əldə etdikdən sonra belə təhlükəsizlik zəmanətlərinə prinsipial etiraz etməyib:
“Kreml də müəyyən şərtlərlə Ukraynada Qərb bazalarının yerləşdirilməsinə qarşı çıxmaya bilər. Amma əsas məsələ "ərazi mübadiləsinin" hansı prinsiplə həyata keçiriləcəyidir. Zelenski bu çətin mövzuda kompromisə hazır görünür, lakin bunun hüquqi tanınması mümkün deyil. Rusiya Donetsk, Luqansk, Xerson və Zaporojyenin tamamını işğal etməyə çalışır. Zelenskinin bu bölgələrin işğal altındakı hissəsindən imtina mövzusunu müzakirə etməyə hazır olduğu barədə ehtimallar var. Ancaq Ukrayna heç vaxt bu itkiləri, o cümlədən Krımı hüquqi olaraq tanımayacaq. Əgər Zelenski müharibəni dayandırmaq üçün belə ağrılı qərar versə, bu Konstitusiyaya zidd olacaq və referendum tələb edəcək. Bu isə onun reytinqinə ciddi zərbə vuracaq”.
Ssenarilərin digər istiqamətinə də toxunan politoloq qeyd edib ki, Zelenski Putinlə görüşdən nəticə əldə etməsə, müharibə davam edəcək:
"Avropa ölkələri Ukraynanın məğlub olmaması üçün dəstəyi artırmalı olacaqlar. Ancaq müharibə uzandıqca həm Ukraynanın, həm də Rusiyanın resursları tükənəcək. Hansı tərəf daha tez gücdən düşərsə, məğlubiyyət də onun payına düşəcək".
Oxşar xəbərlər

“Ukraynanın başı üzərindən sülh mümkün deyil” – po...
Bugun.az

Tramp və Putin telefon danışığı apardı
Bugun.az

Tramp Putin və Ərdoğanın strateji istəyini yerinə...
Bugun.az

Tramp vida çıxışı etdi:
Son Xeberler

Trampın hədəsi nəticə verdi - ABŞ Meksikaya təşəkk...
Bugun.az

Tramp İsrailin Hərbi Əməliyyatlarına Dəstək Verdi
Bugun.az