
Qubada din xadimləri üçün seminar-treninq keçirildi - FOTO

Avqustun 20-21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Qubada din xadimləri üçün seminar-treninq keçirilib.
Metbuat.az xəbər verir ki, bölgənin din xadimləri və dini icma sədrlərinin iştirak etdiyi tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov “İslamda məzhəb anlayışı və məzhəbçiliklə mübarizə” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, məzhəblər Quran və hədislərin şərhində müxtəlif yanaşmaları ifadə edir, dini düşüncə sistemlərinin formalaşmasında mühüm rol oynayır və dinin özü deyil, onu anlama üsullarıdır. Lakin məzhəblərin yeganə həqiqət kimi təqdim olunması dözümsüzlük və parçalanmaya səbəb olur. Elvüsal Məmmədov vurğulayıb ki, məzhəb müxtəlifliyi qarşıdurma deyil, əməkdaşlıq və həmrəylik üçün imkan kimi qəbul edilməlidir.
Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Elnur Əzimli isə “Müasir gənclik və İslam: din xadimləri nə etməlidir?” mövzusunda çıxış edib. O, müasir gənclərin bəzi hallarda sosial medianın təsiri ilə mənəvi boşluğa düşdüyünü, radikal ideoloji təsirlərə məruz qaldığını bildirib. Məruzəçi vurğulayıb ki, din xadimləri gənclərlə səmimi münasibət qurmalı, onların suallarına anlaşılan dildə cavab verməli, İslamın həyatdakı məqsəd və mənanı izah etmə gücünü göstərməlidirlər. Elnur Əzimli qeyd edib ki, din xadimləri yalnız bilgiləri ilə deyil, şəxsi nümunələri ilə də gənclərə təsir göstərərək rol model olmalıdırlar.
Seminarda Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müəllimi, “İlahiyyat” məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov “Zərərli dini cərəyanlara qarşı mübarizə üsulları” mövzusunda çıxış edib. O bu cərəyanların dini mətnləri radikal şəkildə təfsir edərək ənənəvi İslam təlimlərinə və milli-mədəni irsə zidd mövqelər sərgilədiyini qeyd edib. Onların dini birliyə qarşı yönəlmiş fikirlər yayması cəmiyyətdə parçalanma yaradır. Məruzəçi vurğulayıb ki, bu yanaşmalara qarşı maarifləndirmə, sağlam dini bilgilərin təbliği və ənənəvi dini təcrübələrin müdafiəsi vacibdir. Din xadimləri İslamın birləşdirici və mülayim mahiyyətini cəmiyyətə çatdırmalıdırlar.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev “Azərbaycanda dini mühit və kənar təsirlər” mövzusunda çıxış edib. O, dinin təkcə mənəvi deyil, həm də milli təhlükəsizlik məsələsi olduğunu vurğulayaraq, qlobal informasiya axını və regional proseslərin dini mühitə təsirsiz ötüşmədiyini qeyd edib. Məruzəçi din xadimlərinin yüksək savada malik olmasının, məscidləri maarifləndirici və milli birliyi möhkəmləndirən məkana çevirməsinin vacibliyini qeyd edib. Bildirib ki, sağlam dini mühitin qorunması ölkənin ideoloji təhlükəsizliyinin əsas şərtidir.
Seminar-treninqin sonunda iştirakçılar arasında müzakirələr aparılıb, suallar cavablandırılıb, din xadimlərinin cəmiyyətdəki rolu və məsuliyyəti müzakirə olunub. Tədbirdə yekdilliklə vurğulanıb ki, İslam birliyə, qarşılıqlı hörmətə və maarifçiliyə çağırır və din xadimləri məzhəbçilik, dini radikalizm və digər dini-ideoloji yad təsirlərlə mübarizədə ön sırada dayanmalıdırlar.
Oxşar xəbərlər

"Cybersecurity və Ethical Hacking – Rəqəmsal Təhlü...
Edumap.az Təhsil Portalı

Proqramlaşdırmaya həvəsi olanlar üçün ÖDƏNİŞSİZ SE...
Edumap.az Təhsil Portalı

Media nümayəndələri üçün seminar keçirildi
Bugun.az

Heydər Əliyev Fondunun dəstəyi ilə tədbir keçirild...
Bugun.az

Qubada qadınla kişi maşında yandırıldı
Xəbər Anı

3-cü kurs tələbəsi qəfil vəfat etdi - FOTO
Bugun.az