Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Banka pul qoymaq istəyənlərin nəzərinə

29.10.2025 19:03 7 baxış sayı 3 dəq. oxuma Metbuat
Banka pul qoymaq istəyənlərin nəzərinə

İnsanlar hər zaman pullarını daha etibarlı yerdə saxlamağa çalışırlar. Əmanət yerləşdirmək bu baxımdan ən çox seçilən variantdır. Amma vətəndaşlar bu zaman diqqətli olmalıdırlar, çünki bəzi vacib nüanslar mövcuddur. İqtisadçı ekspert Rəşad Həsənov bildirir ki, əsas diqqət edilməli məsələ bankların təklif etdiyi faiz dərəcələridir. Vətəndaşlar bilməlidirlər ki, 100 min manata qədər manatla yerləşdirilmiş və faiz dərəcəsi 12 faizdən yuxarı olan əmanətlər sığortalanmır. Valyutada yerləşdirilmiş əmanətlərdə isə 2,5 faizdən yuxarı faiz dərəcəsi olanlar sığortalanmır. Hazırda valyutada əmanətlərə 5–6 faiz təklif edən banklar var. Bu yüksək faizlərlə yerləşdirilən əmanətlər sığorta təminatından kənarda qalır.


Ekspert yüksək faizlərə aldanmamağı tövsiyə edir. Məsələn, əgər hər hansı bank 13 faizlə əmanət cəlb etməyi təklif edirsə, vətəndaşlar ehtiyatlı olmalıdır. Belə banklarda risk yarandığı halda, əmanətin geri qaytarılması təmin olunmaya bilər. Buna görə də, vətəndaşlar bank seçimi etməzdən əvvəl onların maliyyə göstəricilərinə də diqqət yetirməlidirlər. Əgər bu sahədə bilikləri varsa, bankların rəsmi saytları vasitəsilə təhlillər apara bilərlər. Bankın kapital səviyyəsi, əmanətlərin artım tempi, kredit portfelinin həcmi və problemli kreditlərin ümumi portfeldəki xüsusi çəkisi kimi göstəriciləri izləmək lazımdır. Əgər problemli kreditlərin həcmi artırsa, bu, bankın likvidliyinin azalmasına və gələcəkdə defolt riski ilə üzləşməsinə səbəb ola bilər. Eyni zamanda, əgər bankın məcmu kapitalı 50 milyon manatdan azdırsa, bu, yaxın dövrlərdə lisenziyanın ləğvi riskini artırır.


Daha bir vacib məqam, bankda əmanətlərin həcminin azalmağa başlamasıdır. Əgər bu hal davamlı xarakter alırsa, deməli, həmin bankın fəaliyyətində risklər artır və müştərilər buna görə pullarını geri çəkirlər. R. Həsənov qeyd edir ki, bu sahədə dərin biliklərə malik olmayan kəslər banklara pul qoymamışdan əvvəl mütəxəssislərdən peşəkar dəstək alsınlar. Bu cür yanaşma əmanətlərin daha təhlükəsiz şəkildə yerləşdirilməsinə imkan verir. Xüsusilə böhran dövrlərində banklar adətən bazar göstəricilərindən xeyli yüksək faizlər təklif edərək əmanətləri cəlb etməyə çalışırlar. Bu isə riski artıran əsas amildir. Əgər hər hansı bank bazar göstəricilərindən yüksək faizlə əmanət cəlb edirsə, bu, çox vaxt həmin bankın likvidlik problemi yaşadığını göstərir. Buna görə də vətəndaşlara tövsiyə olunur ki, belə riskli banklarda əmanət yerləşdirməkdən çəkinsinlər.


G
Ticarət müxbiri

Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.

Bütün məqalələrə baxın
Paylaş: