
“17 yaşımda həyatımı dəyişəcək qərarı verdim” - Mədinə Hacızadə ilə müsahibə

“Mənim üçün çox çətinliklər olub. 17 yaşımda xaricə oxumağa gedəndə ilk aylar mən də çox tərəddüd etmişdim. Elə gün oldu ki, geri dönməyi düşündüm. Öz-özümə dedim: “Mən burda qala bilməyəcəm, çünki daha yeni-yeni özümü tanımağa başlamışam.” Amma sonra bir gün oturub düşündüm və bir qərar verdim: “Əgər mən bu addımı atmışamsa, arxamda ailəm dayanırsa, geri dönmək yox, sona qədər getmək lazımdır. Bu yolda mənim ən böyük dəstəkçim atam olub. Ona zəng vurub yalnız bir cümlə dedim: “Mən buraya gəlmişəmsə, qayıdanda sənə diplom gətirəcəyəm”.
Bu fikirləri Metbuat.az-a müsahibəsində “Avroacademy” şirkətinin direktoru, təhsil eksperti Mədinə Hacızadə deyib.
Təhsil sektorunda fəaliyyət göstərən Mədinə xanımın biznes idarəçiliyindən tutmuş, tələbələrin düzgün istiqamətləndirilməsinə, praktik təcrübənin önəminə qədər müxtəlif mövzuları əhatə edən müsahibəsini təqdim edirik:
- Gəlin, sizi bir qədər yaxından tanıyaq – Mədinə Hacızadə kimdir və bu gün sahib olduğu mövqeyə gələnə qədər hansı yollardan keçib?
Mən bildiyiniz kimi, təhsilimi xaricdə alıb, iki universitetdə oxumuşam. Əvvəlcə Qazaxıstanda daha sonra Türkiyədə Hacettepe Universitetində ümumi iqtisadiyyat üzrə təhsilimi davam etdirmişəm. Ankarada magistr səviyyəsində ixtisaslaşmışam. Universiteti bitirib, bir müddət Türkiyədə yaşadım, orada ilk iş fəaliyyətimə başlayıb, müxtəlif sahələrdə təcrübə qazandım.
İqtisadiyyat sahəsi üzrə seçimi açığı, ailədən gələn bir yönləndirmə nəticəsində olmuşdu. Əslində tibb də mənim seçimlərim arasında idi. Tibb üzrə nəticəm yüksək olsa da, son anda dəyişiklik etdim və iqtisadiyyatı seçdim. Və bu qərar da həyatımda yeni bir yol açdı. İqtisadiyyatın özü də maraqlı bir sahədir. Çünki istər dövlət idarəçiliyi, istər özəl sektor, istərsə də təhsil – hər bir sahənin mərkəzində iqtisadi düşüncə dayanır.
2015-ci ilin sonunda Azərbaycana qayıdıb, 2016-cı ildə Azərbaycan Dillər Universitetində işə başladım. Əvvəlcə multikulturalizm istiqamətində çalışıb, sonra təhsil mütəxəssisi kimi davam etdirdim. O illərdə türkdilli xalqların adət-ənənələrini araşdırıb, layihələrə qoşuldum. Təxminən beş il universitetdə fəaliyyət göstərib, daha sonra xaricdə təhsil sahəsinə keçdim. Özəl və beynəlxalq şirkətlərlə əməkdaşlıq edib, sektoru yaxından tanımışam. Bu yol məni sahibkarlığa aparıb. Hazırda isə xaricdə təhsil istiqamətində qurduğum şirkətdə direktor kimi fəaliyyətimi davam etdirirəm.
- Siz danışdıqca hiss olunur ki, bu sahəyə sadəcə iş kimi yanaşmamısınız. Bəs sizi təhsilə istiqamətləndirən əsas nə oldu? Yəni hansı məqamda ürəyinizdə "Bəli, bu mənim yolumdur", - deyə bildiniz?
Mən əvvəlcədən bu istiqamətə yönələcəyimi düşünməmişəm. Amma bu təhsil yolu mənə həm özümü daha yaxından tanımağa, həm də fərdi inkişafıma böyük töhfə verib. Xaricdə tələbə kimi yaşayıb, tələbəliyin ən dərin hisslərini keçirmişəm. Elə bu da məni həm dünyagörüşü baxımından zənginləşdirib, həm də bu sahəyə daha çox bağlayıb. Özüm yeniliyə açıq insan olduğum üçün zamanla bu istiqamətə daha böyük maraq duymağa başladım.
Ümumiyyətlə, insanlara dəstək olduqca özümü daha xoşbəxt hiss edirəm. Sevdiyim işi görmək mənə güc verib. Çünki mənə görə insan ilk növbədə işini sevməlidir. Sevdikdən sonra isə həm cəmiyyətə, həm insanlara fayda vermək daha mümkün olur.
- İnsan bəzən həyatını dəyişdirəcək qərarları çox gənc yaşda verir. Sizin də 17 yaşınızda belə bir seçim etməyiniz böyük bir cəsarət tələb edirdi. O vaxt sizə bu qərarı verdirən əsas duyğu nə idi? Daxilinizdə sizi irəli aparan o gücü haradan aldınız?
Təbii ki, ilk dəfə xaricdə təhsil almağa yönələndə bu mənim üçün asan bir qərar deyildi. Çünki artıq Azərbaycanda universitetə – İqtisad Universitetinə qəbul olunmuşdum. Anidən belə bir fürsət yarandı: xaricdə təhsil almaq imkanı. Universitet haqqında məlumat əldə edəndə ilk diqqətimi çəkən onun beynəlxalq statusu, ikili diplom verməsi və ən əsası fərqli bir mədəniyyətdə, kültürdə təhsil almaq şansı oldu. O vaxt 17 yaşım vardı, özümü yeni-yeni tanımağa başlayırdım və açığı, içimdə bir tərəf inanmırdı. Amma başladıqdan sonra düşündüm ki, çox güclü və eyni zamanda çox məsuliyyətli bir seçim etmişəm. Bu qərar məni hər cəhətdən gücləndirib. Dünyagörüşüm genişlənib, özümə olan inamım artıb, bacarıqlarım formalaşıb. Xüsusilə özünə güvən hissim o dövrdə köklü şəkildə dəyişib. Bugünkü mövqedə olmağım, bu sahələrdə çalışmağım – hər şeydən əvvəl özümü tanımağım – xaricdə təhsilin sayəsində olub. Mənim üçün bu yolun başlanğıcı və köməkçisi məhz xaricdə təhsil almaq qərarı idi.
Çətinliklər də olub. İlk aylar mən də çox tərəddüd etmişdim. Elə gün oldu ki, geri dönməyi düşündüm. Öz-özümə dedim: “mən burda qala bilməyəcəm, çünki daha yeni-yeni özümü tanımağa başlamışam.” Amma sonra bir gün oturub düşündüm və bir qərar verdim: “əgər mən bu addımı atmışamsa, arxamda ailəm dayanırsa, geri dönmək yox, sona qədər getmək lazımdır.”
Bu yolda mənim ən böyük dəstəkçim atam olub. Ona zəng vurub yalnız bir cümlə dedim: “mən buraya gəlmişəmsə, qayıdanda sənə diplom gətirəcəyəm”.
Və elə də oldu. Geri dönəndə atamın mənə qürurla baxması, o fərəhli hiss – həyatımın ən qiymətli anlarından biri idi. Hər bir tələbəyə bu duyğunu yaşamağı arzulayıram. Bu, sözün əsl mənasında, insanın içində iz buraxan bir qürurdur.
- Təhsil sadəcə dərs otağında alınan biliklə məhdudlaşmır. Xaricdə oxuyan bir gəncin həm şəxsiyyət, həm də həyat baxışı dəyişir. Bəs sizcə, xaricdə təhsil alan bir gənc hansı əsas fərqlərlə – həm praktiki, həm də şəxsiyyət baxımından – fərqlənir? Onları digərlərindən ayıran ən böyük üstünlüklər nələrdir?
İlk olaraq demək istərdim ki, praktiki biliklər baxımından ciddi fərqlər mövcuddur. Təhsil sahəsində, xüsusilə bizim sistemlə xarici ölkələrin sistemini müqayisə etdikdə bu fərqlər daha aydın görünür. Xaricdə təhsil almış bir tələbə həm praktik bacarıqlar baxımından inkişaf edib, həm də dil biliyi, mədəni çeviklik, şəxsiyyət kimi formalaşma baxımından daha üstün səviyyəyə çatır. Əlbəttə, bizim təhsil sistemimiz də müəyyən mənada inkişaf edib, amma xaricdə təhsil tamamilə başqa bir təcrübədir.
Tələbə həm təhsil, həm də şəxsiyyət baxımından formalaşıb güclənir. Seçdiyi ölkənin metodikasına uyğunlaşaraq, həmin sistemdə böyüməyə başlayır. Bu da təkcə akademik deyil, sosial və şəxsi inkişaf üçün də zəmin yaradır. Ünsiyyət bacarıqlarını inkişaf etdirib, beynəlxalq mədəniyyətə açıq bir şəkildə formalaşır. Seçdiyi ixtisasa uyğun mühitə adaptasiya olub, zamanla həmin sahənin tələblərinə cavab verən biri halına gəlir. Bütün bu mərhələlər nəticəsində tələbə həm daha çevik, həm də daha hazır bir kadr kimi yetişib, beynəlxalq şirkətlərdə və özəl sektorda daha rahat və effektiv şəkildə öz yerini tapa bilir.
Bilik baxımından fərqlər təbii ki, mövcuddur. Azərbaycanda təhsil sistemi kifayət qədər ciddi və tələbkardır. Bəzən hətta inkişaf etmiş ölkələrlə müqayisədə bizdə tələbəyə daha ağır yük düşür. Universitetlərdə bəzən ehtiyac duyulmayan fənlər belə tədris olunur. Bu, təhsilin çətinliyini daha da artırır. Elə birinci sinifdən bunu uşaqlarımız üzərində görürük. Xaricdə isə təhsil daha balanslı qurulub. Orada həm nəzəriyyəyə, həm praktiki biliklərə önəm verilir – və ən əsası, bu iki istiqamət bir-birini tamamlayır. Tələbə ora ilk addım atdığı gündən fərqi hiss edir. Valideyn də bu fərqi zamanla anlayır.
- Bəzən ailələr və abituriyentlər xaricdə təhsili sadəcə bir imtiyaz kimi görürlər. Amma orada yeni bir həyat başlayır: fərqli dil, mədəniyyət və təhsil sistemi. Sizcə, xaricdə təhsil almaq qərarı verən bir gəncin özündə hansı güclü keyfiyyətlər olmalıdır ki, bu yolu yarımçıq buraxmadan uğurla başa vura bilsin?
Azərbaycanda universitetə qəbul olmaq daha çətin prosesdir, amma qəbul olandan sonra təhsili başa vurmaq nisbətən rahat olur. Xaricdə isə əksinə – qəbul prosesi daha sadə görünə bilər, amma oxumaq, davam etdirmək və başa çatdırmaq ciddi zəhmət tələb edir. Yeni ölkə, fərqli dil, fərqli mədəniyyət – bunların hər biri tələbədən böyük uyğunlaşma və daxili güc tələb edir.
Mental olaraq güclü olmayan, qərarına və özünə güvənməyən tələbə bu yolu sona qədər apara bilmir. Elə tələbələrimiz də olub ki, birinci kursdan sonra geri dönüblər, çünki uyğunlaşa bilməyiblər. Ona görə də xaricdə təhsil seçimi şəxsin öz istəyi və marağı ilə olmalıdır.
- Siz həm Avropa, həm də Mərkəzi Asiya ölkələrinin təhsil sistemlərini yaxından müşahidə etmisiniz. Bəs bir gənc öz gələcəyini düşünərək seçim edəndə hansı sistem ona daha çox perspektiv və şəxsiyyət inkişafı vəd edir? Yəni, bu iki sistemin üstünlüklərini necə müqayisə edərdiniz?
Hazırda bir çox türkdilli dövlətlərlə ortaq təhsil proqramlarımız mövcuddur. Universitetlərimiz xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində tələbə göndərirlər. Bu, əlbəttə ki, maraqlı və dəyərli bir təcrübədir. Amma bəzən tələbələr düşünür ki, xaricdə təhsil almaq sadə və problemsizdir. Halbuki heç də belə deyil.
Mən bir çox ölkələrlə – Avropa, Amerika, Kanada, Rusiya, Ukrayna, Orta Asiya ölkələri ilə əməkdaşlıq etmişəm və demək olar ki, hər birində təhsil sistemi bir-birindən fərqlənir.
Avropa ilə Asiyanı müqayisə etdikdə isə fərqlər daha kəskin hiss olunur. Mərkəzi Asiya ölkələri – məsələn, Qazaxıstan və Özbəkistan – hal-hazırda təhsildə ciddi islahatlar və inkişaf yolundadır. Onlar öz təhsil modellərini formalaşdırmağa çalışır, öz yollarını tapır. Bunu kiçiltmirəm, əksinə, orada da artıq güclü sistemlər qurulub və təhsilə yanaşma ciddi şəkildə dəyişib. Bu gün Mərkəzi Asiya ölkələrində təhsil almaq artıq “zarafat deyil”, keyfiyyətli seçim hesab olunur.
- Hal-hazırda tələbələrin mühəndislik, İT və tibb kimi sahələrə ütünlük verməsinin əsas səbəbi nədir? Bu, gələcək iş imkanları ilə bağlıdır, yoxsa bu sahələr doğrudan da gənclərin maraq dairəsindədir?
Ümumiyyətlə, Avropa təhsil sistemləri uzun illərin oturuşmuş təcrübəsinə əsaslanır. Orada akademik baza, dil bilikləri, metodoloji yanaşmalar daha sistemlidir. Əlbəttə, Avropada təhsil almaq dil, metod və adaptasiya baxımından daha çətin ola bilər. Amma bu da tələbəyə əlavə bacarıqlar qazandırır. Bu gün Qazaxıstan və Özbəkistan təhsildə ön plana çıxır. Xüsusilə mühəndislik, İT, elektroenergetika və tibb sahələrinə tələbat artıb. Bizim tələbələr də bu istiqamətlərə daha çox yönəlməyə başlayıb. Ənənəvi olaraq beynəlxalq münasibətlər ixtisası hər zaman diqqət mərkəzində olsa da, bu gün daha çox texniki və praktiki sahələrə üstünlük verilir.
- Bir az da sahibkarlıq fəaliyyətiniz haqqında danışaq. Necə düşünürsünüz, sahibkar olmaq üçün ən önəmli daxili xüsusiyyətlər hansılardır? Xaricdə erkən yaşda təhsil almaq sizin bu xüsusiyyətlərinizi necə formalaşdırdı?
Sahibkarlıq çox fərqli məsuliyyətdir. Bir şirkətdə işləmək başqadır, amma bir şirkəti qurmaq, idarə etmək, orada onlarla insanın məsuliyyətini daşımaq tam başqa bir mərhələdir.
Mən bu qərarı birdən-birə verməmişəm. Sadəcə zamanla içimdəki liderlik hissi, azadlıq duyğusu məni bu yola yönəldib. Düşünmüşəm ki, əgər mən 17 yaşımda təkbaşına xarici ölkədə təhsil almaq kimi məsuliyyətli bir addımı atmışamsa, bunu uğurla tamamlamışamsa – deməli, sahibkarlığı da bacararam. Öz ayaqlarım üzərində durub o diplomu qazanmaq üçün o qədər əziyyət çəkmişəmsə, niyə də bu zəhmətin bəhrəsini görməyim?
Mən hər zaman istəmişəm ki, özümə aid, öz istədiyim qaydada qurulan bir sahəm olsun. Bu həm mənə azadlıq, həm də yaradıcı rahatlıq verir. Düşündüm: “Niyə də yox?” – və başladım. Ən aşağıdan başlayıb, pillə-pillə irəliləmişəm. Çünki bilirdim ki, təməldə zəhmətim, təcrübəm və məqsədim var. Mənə görə sahibkarlıq yalnız biznes qurmaq deyil, həm də daxili liderliyi ortaya qoymaqdır. Bu hiss mənim içimdə əvvəldən var idi, sadəcə, zamanla istiqamətini tapdı.
İş həyatına Azərbaycan Dillər Universitetində başlamışam. Orada əvvəlcə multikulturalizm üzrə çalışmışam, sonra isə təhsil sahəsinə keçid etmişəm. İlk baxışda iki fərqli sahə kimi görünür, amma əslində bu iki istiqamət bir-birinə çox bağlıdır. İnsan bu sahələrin içində olduqca anlayır ki, multikultural dəyərlərlə işləmək və təhsil vermək bir-birini tamamlayan proseslərdir. Azərbaycan da bu baxımdan çox zəngin ölkədir. Multikulturalizm sahəsində öndə gedən, adət-ənənələri ilə türkdilli xalqlar arasında ön sırada dayanan ölkələrdən biridir. Mən də bu dəyərləri daşıyan bir ölkədə doğulub, o ruhla yetişmişəm. Bu həm beynəlxalq platformalarda çalışmaqda, həm də təhsildə fərq yaratmaqda mənim üçün ciddi üstünlükdür.
Azərbaycan qadınları haqqında da xüsusi qeyd etmək istəyirəm. Mən bütün qadınlara tövsiyə edirəm ki, əgər içlərində az da olsa liderlik hissi varsa, onu boğmasınlar. Hədəf qoysunlar, çünki biz qadınlar – istər Azərbaycanda, istər başqa ölkələrdə – əgər bir məqsəd qoyuruqsa, ona çatmaq üçün bütün yolları aça bilirik. Qadın zəhmətkardır, əməksevərdir və güclüdür. Sadəcə inansın və başlasın.
- Şirkətinizin yeniliyi ilə təcrübəsinin bir araya gəlməsi necə təsir edir? Yeni yaranan bir şirkət olaraq müştərilərə güvən və keyfiyyət hissini necə təmin edirsiniz?
Bizim üçün tələbəyə dürüst yanaşmaq çox önəmlidir. Əgər tələbənin seçdiyi ixtisas onun qabiliyyətlərinə, maraqlarına və real imkanlarına uyğun gəlmirsə, biz bunu ona birbaşa deyirik. İnanırıq ki, şəffaflıq hər iki tərəf üçün ən yaxşı nəticə verir. Belə hallarda müxtəlif konsultasiya xidmətləri təklif edirik, tələbənin fərdi ehtiyaclarına uyğun düzgün istiqamət verməyə çalışırıq. Təcrübəmiz bu sahədə bizim ən böyük üstünlüyümüzdür. Tələbənin psixologiyasını, istəklərini və bacarıqlarını qısa söhbətlərdən belə düzgün qiymətləndirərək, ona ən uyğun yolu göstəririk.
Təbii ki, biznes qurmaq asan deyil. Hər kəs bilir ki, bir işi qurmaq, sonra onu idarə etmək, ayaqda saxlamaq böyük çətinlik tələb edir. Maddi və mənəvi olaraq hazır olmaq lazımdır. Mənəvi güc – yəni səbr, inadkarlıq və özünə inam – biznesin uğurla davam etməsi üçün ən vacib amildir.
Başlayanlar bilməlidir ki, ilk anda nəticə görməyə bilər. Amma geri çəkilməmək, qərarlı olmaq və davam etmək lazımdır. Mental olaraq güclü olmaq çətinliklərin öhdəsindən gəlmək üçün həyati əhəmiyyət daşıyır. Çətinliklər qarşısında çıxış yolları tapmaq, stressi idarə etmək, fövqəladə vəziyyətlərdə soyuqqanlı qalmaq biznesin ömrünü uzadır.
Mənim xaricdə təhsil və təcrübəm mənə geniş əlaqələr şəbəkəsi yaratmağa, beynəlxalq təcrübə və biliklərdən yararlanmağa imkan verdi. Bu da sahibkarlıqda uğuru artıran önəmli faktor oldu.
- Bazarda eyni xidməti təklif edən çox sayda, hətta uzun müddətdir fəaliyyət göstərən şirkətlər var. Sizcə, sizin xidmətinizin və yanaşmanızın digər şirkətlərdən fərqli, üstün cəhətləri nələrdir?
Bizim şirkətin ən böyük fərqi tələbəni sıfırdan götürüb universiteti bitirənə qədər dəstəkləməyimizdir. Biz tələbəyə yalnız qəbul prosesi zamanı yox, həmçinin təhsil müddətində də yardım göstəririk. Mən öz tələbəlik illərimdən başa düşürəm ki, gəncin ən çox dəstəyə ehtiyacı olan mərhələlər olur. Ona görə də, danışığımız həmişə səmimi və açıq olur, tələbənin fikirlərinə, narahatlıqlarına önəm veririk. Biz həm tələbəni, həm də valideyni inandırmaq üçün güvən yaradırıq. Valideynlərə də deyirik ki, tələbənin fikirləri önəmlidir, onların arzularına dəstək versinlər, təzyiq göstərməsinlər. Təhsil həm şəxsi inkişafın, həm də ölkəmizin inkişafının əsas dayağıdır. İstər xaricdə, istərsə də Azərbaycanda təhsil alan gənclərimiz öz seçimini düzgün etməli, öz güclərinə inanmalı, sevərək təhsil almalıdırlar. Bu zaman onların gələcəyi parlaq olacaq. Biz isə öz növbəmizdə tələbələrin bu yolda ən etibarlı tərəfdaşı olmaqdan qürur duyuruq.
- Sadəcə pul ödəməklə qəbul olmaq dövrünün bitməsi sizcə təhsilin keyfiyyətini artırır, yoxsa bəzi imkanları məhdudlaşdırır?
İndi xaricdə təhsil almaq əvvəllər olduğundan daha çətin və rəqabətli prosesə çevrilib. Əvvəllər qəbul olunmayanlar, sadəcə olaraq, asanlıqla xarici universitetlərə müraciət edə bilərdilər. Lakin hazırda bir çox ölkələr – o cümlədən Qazaxıstan, Türkiyə, Avropa ölkələri – qəbul proseslərini ciddi şəkildə sərtləşdiriblər. İndi onlayn imtahanlar, dil sertifikatları, məntiq və riyaziyyat testləri kimi müxtəlif tələblər var. Tələbənin potensialı və bacarıqları ciddi qiymətləndirilir. Sadəcə pul ödəməklə qəbul olmaq artıq mümkün deyil.
Məsələn, yüksək nüfuzlu universitetlərdə – "Oksford", "Harvard", "Cambridge" kimi – qəbul şərtləri çox sərtdir və yüksək səviyyəli nəticələr tələb olunur. Hər kəs Eyni zamanda, dil bilikləri – ingilis dili, alman dili, fransız dili kimi – mütləqdir. Bu da tələbələri daha ciddi hazırlıq və seçimə sövq edir.
Həmin universitetlərə qəbul olmaq və hətta dil sertifikatlarını əldə etmək belə asan deyil. Bəziləri dırnaqarası "Harvard", "Oksford" deyərək bu prosesi kiçiltməyə çalışır. Elə insanlar var ki, deyirlər: “Filan ölkədə mənim dil sertifikatım və ya diplomum var. Amma bu, əslində, sadəcə kurs keçməkdir. Bu gün siz Avstraliyada dil kursuna müraciət edə və sadəcə ödəniş etməklə qəbul ola bilərsiniz. Bu halda beynəlxalq sertifikat almaq mümkündür. Yəni pulunu ödədin, kursa qəbul oldun və nəticədə sertifikat aldın.
Amma bir də var xaricdə ali təhsil almaq – bu tamamilə fərqli bir prosesdir. Bu, sıradan bir kurs və ya sertifikat deyil. Bu, daha ciddi hazırlıq, risk və səy tələb edir. Məsələn, hüquq ixtisası üzrə xaricdə təhsil almaq istəyi böyük risk və hazırlıq tələb edir. Açığı deyim ki, bu istiqamətdə risk edən tələbəmiz hələ yoxdur. Amma ABŞ və Kanada kimi ölkələrə tələbə göndərmişik. Lakin qeyd etdiyiniz "Oksford", "Harvard" kimi məşhur universitetlərə gəldikdə isə, burada qəbul prosesi artıq daha mürəkkəbdir. Bu istiqamətdə işin 50 faizi bizim üzərimizə düşürsə, 50 faizi tələbənin öz hazırlığından, nəticələrindən və şəxsi göstəricilərindən asılıdır. Və bu universitetlərə qəbul haqqında heç kim iddia edə bilməz ki, “mən ora asanlıqla qəbul ola bilərəm”. Çünki, bu, real deyil.
- Gənclərə peşə seçərkən xüsusilə xaricdə təhsil üçün müraciət edən zaman hansı maraqlara fokuslanmalıdırlar?
Gənclərə mənim ən böyük tövsiyəm odur ki, peşə seçimi edərkən yalnız xarici təsirlərdən və ya valideyn təzyiqindən yox, öz qabiliyyət və maraqlarından çıxış etsinlər. Bəzən valideynlər öz reallaşdırmadıqları arzuları övladlarına yükləyirlər, bu isə tələbənin uğuruna mane olur. Ona görə də, tələbənin özü hansı sahədə istedadı, marağı varsa, o istiqamətdə seçimi etməsi vacibdir. Peşəkar hazırlıq həm universitet səviyyəsində, həm də kolleclərdə mümkündür. Peşə yönümlü təhsil də gələcəkdə iş tapmaq üçün önəmlidir.
- Sizinlə söhbət etmək çox xoş oldu. Dəvətimizi qəbul edib müsahibə verdiyiniz üçün təşəkkür edirik.
Mən də təşəkkür edirəm, ümid edirəm, oxucularınız üçün maraqlı bir müsahibə olacaq.
Gülbəniz Hüseynli / Metbuat.az
Oxşar xəbərlər

Hikmət Hacızadə vəfat etdi
Son Xeberler

Paşinyan İctimai Televiziyaya geniş müsahibə verəc...
Xəbər Anı

Varşava Forumu Azərbaycana qarşı yönəlmişdir
Son Xeberler

Preziden yerli televiziya kanallarına müsahibə ver...
Bugun.az

Uşaqlar bizə əmanətdir! -
Son Xeberler

Belarusda istefa verən tanınmış jurnalistlərin say...
Son Xeberler