
Xəzərdə külək enerjisinin ixracına 2032-dən başlanması planlaşdırılır

Azərbaycan Xəzər dənizindən əldə edilən külək enerjisini 2032-ci ildən etibarən Avropa bazarlarına ixrac etməyi planlaşdırır. Energetika naziri Pərviz Şahbazovun açıqlamasına görə, planlaşdırılan 6 QVt-dan çox gücün 4 QVt-nın mərhələli şəkildə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə göndərilməsinə başlanacaq. Bu böyük miqyaslı layihə Avropanı enerji və rəqəmsal kommunikasiya baxımından həm Qara dənizin sahilləri, həm də Xəzər dənizi regionu ilə birləşdirməyi hədəf alır. Hazırda dənizin Azərbaycan sektorunda külək enerjisi potensialını qiymətləndirmək üçün ölçmə və müşahidə işləri aparılır. Müvafiq dəniz akvatoriyalarının bərpa olunan enerji zonaları kimi müəyyənləşdirilməsi işləri aktiv şəkildə davam edir.
Enerji sahəsində görülən bu işlər barədə məlumat Energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr Energetiklər Günü münasibətilə "Azərbaycan" qəzetində dərc olunan "Azərbaycan Regional Enerji Qovşağına Çevrilir” başlıqlı məqaləsində bildirilib. Azərbaycan bu məqsədlə bir sıra beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq qurur. Bu tərəfdaşlar arasında “ACWA Power”, “Masdar” və “SOCAR Green” şirkətlərinin birgə yaratdığı “Caspian Breeze” Konsorsiumu xüsusi yer tutur. Bundan əlavə, layihəyə Çinin üç böyük şirkəti – “China Energy Overseas Investment Co., Ltd.”, “China Datang Overseas Investment Co. Ltd.” və “PowerChina Resources Limited” şirkətləri cəlb edilib.
Layihənin həyata keçirilməsi üçün zəruri olan texniki-iqtisadi əsaslandırma sənədinin gələn ilin əvvəlində yekunlaşması gözlənilir. Bu sənəd enerji və rəqəmsal kommunikasiya xətlərini əhatə edən dəhlizin maliyyə və texniki detallarını dəqiqləşdirəcək. Birgə Müəssisə kimi qurulan “GECO Green Energy Company” layihənin Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 10 illik inkişaf planına (TYNDP) daxil edilməsi üçün artıq müraciət edib. Növbəti addım olaraq, layihəyə PCI/PMI (Qarşılıqlı və Ortaq Maraqlı Layihələr) statusunun verilməsi üçün müraciət edilməsi planlaşdırılır. Bu addımlar layihənin Avropa İttifaqı üçün strateji əhəmiyyətini rəsmiləşdirəcək və beynəlxalq səviyyədə tanınmasını təmin edəcək.
Vergi siyasəti və dövlət büdcəsi haqqında yazıram. Rəqəmlərlə işləməyi xoşlayıram və bunu oxuculara anlaşıqlı şəkildə çatdırmağa çalışıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanda istehsal olunan elektrik enerjisinin...
Azəri Xəbər

2032-ci il olimpiadasının məkanı bəlli oldu
Son Xeberler

Azərbaycanın ikinci ən böyük külək elektrik stansi...
Texnologiya xəbərləri

Güclü külək darvazanı aşırdı
AzMedia

Saat 11:00-da işıq kəsiləcək - Bu ərazilərdə
Bugun.az

Azərbaycanda günəş enerjisinin istehsalı 12 % artı...
Azəri Xəbər