"Report" İnformasiya Agentliyinin 11 yaşı tamam olur

27.10.2025 05:08 11 baxış sayı 4 dəq. oxuma Report
"Report" İnformasiya Agentliyinin 11 yaşı tamam olur

"Global Media" şirkətlər qrupuna daxil olan "Report" İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 11 il ötür. Agentlik 2014-cü ildə onlayn media məkanında yayıma başlayıb. Bu addım Azərbaycanda azad mətbuat üçün yaradılan münbit şəraitlə, həmçinin ictimaiyyətin onlayn xəbər resurslarına asan çıxışı ilə əlaqədar idi. "Report"un əsas məqsədi ölkəmizin genişmiqyaslı layihələrə qoşulması və mötəbər tədbirlərə ev sahibliyi etməsi barədə ictimaiyyəti daha dolğun informasiyalarla təmin etmək olub.


Agentlik Azərbaycan, rus və ingilis dillərində yayımlanır. O, ötən 11 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri sürətlə işıqlandıraraq geniş oxucu auditoriyası toplayıb. Yarandığı gündən agentliyin qarşısına qoyduğu məqsəd, hadisələri oxuculara operativ şəkildə çatdırmaq, ictimai-siyasi və iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etməkdir. Gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibələr, rəylər və açıqlamalar yaymaq da agentliyin işinin mühüm hissəsidir. "Report" hələ ilk gündən eksklüziv xəbərlərə üstünlük verərək, bütün yerli saytlar üçün etibarlı istinad mənbəyinə çevrildi. Hazırda çoxlu sayda yerli və xarici kütləvi informasiya vasitələri gün ərzində "Report"un xəbərlərini istinadla dərc edir.


Agentliyin fəaliyyətində Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin işıqlandırılması və post-müharibə dövrünün həqiqətlərinin çatdırılması xüsusi yer tutur. İşğaldan azad olunan ərazilərdə görülən bərpa-yenidənqurma işləri və həyata keçirilən layihələr ölkə və dünya ictimaiyyətinə çatdırılır. Bu məqsədlə Report.az saytında 24/7 formatında dərc olunan xəbərlər və şərhlər dərhal rus və ingilis dillərinə tərcümə edilir. Hazırda "Report"un ölkə ərazisində müxbir postları var; bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir. Agentliyin Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Ukrayna, Rusiya və Qazaxıstanda, həmçinin Avropa İttifaqı ölkələri üzrə xüsusi büroları fəaliyyət göstərir. Bu bürolar həmin ölkələrdəki mühüm hadisələri, Azərbaycanla əlaqələrin inkişafını və orada yaşayan azərbaycanlıların fəaliyyətini yaxından izləyir.


"Report" İnformasiya Agentliyi ixtisaslaşmış jurnalistlərin hazırlanmasına da öz töhfəsini verir. Media sahəsində peşəkar kadrlar yetişdirmək və müasir trendləri gənc jurnalistlərə öyrətmək məqsədilə 2018-ci ildən "Report Media Məktəbi" fəaliyyət göstərir. Tədris ilk illərdə yalnız Azərbaycan dilində aparılsa da, hazırda rus dilində də qəbul həyata keçirilir. Bu günə qədər 19 qrup məktəbi bitirib; onlarla gənc jurnalist "Report"da və digər KİV-də işə başlayıb. Agentlik həmçinin sosial mediada böyük auditoriya toplayıb və bütün əsas platformalarda rəsmi səhifələri mövcuddur. "Report.az" adlı Youtube kanalı izləyicilər arasında xüsusi populyarlıq qazanıb, abunəçilərinin sayı 120 mini keçib. Agentlik sənədli film istehsalında da aktivdir. "Parabüzən" sənədli filmi və "Xocalı. Son toy..." bədii-sənədli filmi tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.


R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: