
Dünya Bankı Azərbaycanda CƏB profisiti üzrə proqnozu yenidən nəzərdən keçirib

Dünya Bankı 2025-ci il üçün Azərbaycanın Cari Əməliyyatlar Balansı (CƏB) profisitinə dair proqnozunda böyük dəyişiklik edib. Əvvəlki proqnoz göstəricisi ÜDM-in 11,6%-nə bərabər olsa da, yeni gözlənti ÜDM-in cəmi 4,2%-i səviyyəsində müəyyən edilib. Bu kəskin azalma ölkənin xarici ticarət dinamikasındakı dəyişiklikləri əks etdirir.
Bankın hesabatına görə, CƏB profisitinin azalması tendensiyası növbəti illərdə də davam edəcək. 2026-cı ildə bu göstəricinin ÜDM-in 3,7%-nə (əvvəlki 5,4%-ə qarşı), 2027-ci ildə isə 3,3%-nə (əvvəlki 3,4%-ə qarşı) qədər enməsi gözlənilir. Bu endirim karbohidrogen ixracının azalması və idxalda müşahidə olunan mülayim artımla əlaqədardır.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları da profisitin azalmasını təsdiqləyir. AMB-yə görə, 2025-ci ilin birinci yarısında CƏB profisiti ÜDM-in 6,3%-ni təşkil edərək 2,3 milyard ABŞ dollarına çatıb. Bu rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,7% azdır. Dünya Bankının proqnozlarına görə, mal və xidmət ixracı cari ildə ÜDM-in 39,1%-ni, 2027-ci ilin sonuna qədər isə 38,8%-ni təşkil edəcək. Eyni dövrdə mal və xidmət idxalı 2025-ci ildə ÜDM-in 34,2%-i, 2027-ci ildə isə 31,2%-i səviyyəsində gözlənilir.
Beynəlxalq maliyyə qurumlarının və yerli dövlət orqanlarının CƏB-ə dair proqnozları bir-birindən fərqlənir. Azərbaycan hökuməti 2025-ci ildə CƏB profisitini ÜDM-in 5,6%-i səviyyəsində gözləyir. Hökumət 2025-2028-ci illərdə neft və qaz hasilatı proqnozlarını nəzərə alaraq, illik profisitin ÜDM-in təxminən 3%-i səviyyəsində qalacağını bildirir. Mərkəzi Bank 2025-2026-cı illərdə CƏB profisitinin illik 3-4 milyard ABŞ dolları səviyyəsində qalacağını düşünür. Digər beynəlxalq qurumların gözləntiləri daha yüksəkdir: "Fitch Ratings" 2025-ci ildə profisitin 4 milyard ABŞ dolları (ÜDM-in 5,3%-i) olacağını proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondu (IMF) isə 2025-ci ildə profisitin 6,1 milyard ABŞ dollarına çatacağını (ÜDM-in 7,8%-i) gözləsə də, 2026-cı ildə bu göstəricinin 3,4 milyard dollara enəcəyini proqnozlaşdırır.
Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanda yeni institutların yaradılır
Bugun.az
Azərbaycanın islam maliyyə institutları ilə əməkda...
Azəri Xəbər

DB və BVF-də üzv ölkələr tərəfdaşlıq imkanlarının...
Azəri Xəbər

Dünya Bankı 2028-ci ilə qədər Azərbaycanda inflyas...
Azəri Xəbər

Bakıda Dünya Çempionatı Keçiriləcək
Bugun.az

Dünya Bankası Azərbaycana 3,9 Milyard Dollar Yardı...
Son Xeberler



