BMMT-nin Baş katibi ilə Cenevrə Ofisinin Baş direktoru arasında görüş keçirilib

29.10.2025 12:04 9 baxış sayı 2 dəq. oxuma APA
BMMT-nin Baş katibi ilə Cenevrə Ofisinin Baş direktoru arasında görüş keçirilib

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli oktyabrın 29-da BMT-nin Cenevrə Ofisinin Baş direktoru xanım Tatyana Valovaya ilə görüş keçirib. BMT-nin Cenevrədəki qərargahında baş tutan bu görüş BMMT ilə BMT sistemi arasında institusional əməkdaşlığın gücləndirilməsi məsələlərinə həsr olunub. Tərəflər BMMT ilə BMT sistemi arasındakı əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər. Onlar, həmçinin, təşkilatın Cenevrədəki çoxtərəfli mexanizmlərdə daha fəal iştirakının təmin olunması istiqamətində fikir mübadiləsi aparıblar.


Görüş zamanı BMMT-nin BMT Baş Assambleyasındakı müşahidəçi statusu qeyd edilib. Tərəflər bu çərçivədəki fəaliyyətin daha aktiv şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Baş katib Ərgüc Kələntərli BMMT-nin fəlakət risklərinin azaldılması və dayanıqlılığın gücləndirilməsi istiqamətində BMT sistemi və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığın davam etdirilməsinin və genişləndirilməsinin önəmini vurğulayıb. BMT sistemi ilə fəlakət risklərinin azaldılması, fövqəladə hallara hazırlıq və humanitar fəaliyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələləri də diqqət mərkəzində olub.


Xanım Tatyana Valovaya BMMT-nin fəal mövqeyini yüksək qiymətləndirib. O, təşkilatın Cenevrədəki beynəlxalq proseslərdə daha geniş təmsil olunması və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib. Tərəflər qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin və əməkdaşlıq imkanlarının genişləndirilməsinin beynəlxalq humanitar fəaliyyətə mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər. Onlar bu birgə səylərin xüsusilə fəlakətlərin idarə olunması sahəsində çox faydalı olacağını bildiriblər.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: