Bakıda “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans keçiriləcək

29.10.2025 05:56 13 baxış sayı 4 dəq. oxuma Trend
Bakıda “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans keçiriləcək

Oktyabrın 31-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq Belçika müstəmləkə keçmişinə və onun hazırkı ağır nəticələrinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək. Tədbir "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlanır. Bu konfrans tarixi həqiqətləri ictimaiyyətə çatdırmağı və Belçikanın törətdiyi cinayətləri gizlətməsinə son qoymağı hədəfləyir.


Konfransda Belçikanın keçmiş müstəmləkələri olan Konqo Demokratik Respublikası, Ruanda və Burundidən nümayəndələr, həmçinin diplomatlar və rəsmi şəxslər iştirak edəcək. Ümumilikdə səkkiz ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssislər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları və reparasiya məsələləri üzrə ekspertlər qatılacaqlar. Bu geniş tərkibli iştirakçı qrupu Belçikanın Afrika qitəsindəki fəaliyyətinin miqyasını və nəticələrini hərtərəfli şəkildə müzakirə edəcək.


Əsas müzakirə mövzularına Belçikanın keçmiş müstəmləkələrində yerli əhaliyə qarşı törətdiyi vəhşiliklər daxildir. Bunlar etnik bölünmə siyasəti, kütləvi qətllər və mədəni mirasın talan edilməsidir. Konfransda Belçika müstəmləkəçiliyinin bu günə qədər davam edən ağır nəticələri ələ alınacaq. Eyni zamanda, Belçikanın neokolonial siyasəti nəticəsində adıçəkilən ölkələrin resurslarının hələ də **istismar edilməsi** məsələsi də diqqət mərkəzində olacaq. İştirakçılar dəymiş ziyana görə bu xalqlara ödənməli olan **kompensasiya tələbinin** beynəlxalq müstəviyə daşınması və beynəlxalq təşkilatların gündəliyinə daxil edilməsi ətrafında fikir mübadiləsi aparacaqlar.


Konfransdan bir gün öncə, oktyabrın 30-da, xarici qonaqlar Bakı Dövlət Universitetində müəllim və tələbə heyəti ilə görüşəcəklər. Burada "Mərkəzi Afrikada Belçika müstəmləkəçiliyi və onun bu günə qədər davam edən ağır fəsadları" mövzusunda müzakirələr və mühazirələr təşkil olunacaq. Qeyd etmək lazımdır ki, 2019-cu il BMT-nin Afrika Mənşəli Şəxslərin İşçi Qrupunun hazırladığı hesabatda Belçikanın müstəmləkəçiliyi dövründə indiki DRK, Ruanda və Burundidə 10 milyon insanın qətlə yetirildiyi, on minlərlə insanın əllərinin kəsildiyi vurğulanır. Hesabatda bu ərazilərdə etnik bölünmə siyasətinin aparıldığı, yerli əhalinin məcburi əməyə cəlb edildiyi və 20 min qarışıq nigahdan olan (metis) uşağın oğurlanıb icmalardan ayırıılaraq asimilasiyaya məruz qoyulduğu bildirilir. Bütün bunlar soyqırımlara zəmin yaratmışdı.


BMT sənədi Belçikaya həqiqətlərin və faktların aşkar edilməsi üçün komissiya qurulmasını, arxivlərin açılmasını və **təzminat ödənilməsini** tövsiyə edir. Digər müstəmləkəçi dövlətlərdən fərqli olmayaraq, Belçika da işğal və istismar etdiyi xalqlara qarşı misilsiz vəhşiliklər törətsə də, dünya ictimaiyyətindən bu cinayətləri gizlədə bilib. Bakıda təşkil edilən bu konfransın məqsədi də məhz tarixi həqiqətləri aşkara çıxarmaq və Belçikanın öz keçmişinə görə məsuliyyət daşımasını tələb etməkdir.


V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: