Azərbaycan regionu sülh, əməkdaşlıq və davamlı inkişaf məkanı görmək istəyir (FOTO)

29.10.2025 15:16 6 baxış sayı 4 dəq. oxuma Trend
Azərbaycan regionu sülh, əməkdaşlıq və davamlı inkişaf məkanı görmək istəyir (FOTO)

Rusiya Federasiyasının Moskva şəhərində Asiya Parlament Assambleyasının (APA) Sosial və Mədəni Məsələlər üzrə Daimi Komitəsinin iclası keçirilir. Azərbaycan Parlamentini beynəlxalq tədbirdə Milli Məclisin üzvü, deputat Əminə Ağazadə təmsil edib. Deputat Komitənin iclasında çıxış edərək, tədbir iştirakçılarını salamlayıb.


Əminə Ağazadə qeyd edib ki, APA yarandığı vaxtdan bəri dialoq, əməkdaşlıq və qarşılıqlı hörmət ruhunda Asiya ölkələrinin qanunverici orqanlarını birləşdirən unikal bir platformadır. Müasir dünyanı artan qeyri-sabitlik, geosiyasi gərginlik və yeni təhlükəsizlik çağırışları səciyyələndirir. Assambleya bu şəraitdə xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsində, insan və mədəni əlaqələrin inkişafında böyük əhəmiyyət daşıyır.


Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan, hər zaman mədəni müxtəlifliyi və mədəniyyətlərarası dialoqu cəmiyyətdə sabitliyin vacib amili kimi dəyərləndirib. Paytaxtımız Bakı şəhəri tolerantlıq, mədəni irsin qorunması və mədəniyyətlərarası dialoqa həsr edilmiş çoxsaylı beynəlxalq foruma ev sahibliyi edib. Ölkəmizin çoxmillətli və çoxdinli cəmiyyətinin inkişafında bütün din və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət və etimad şəraitində birgəyaşayışı əsas rol oynayır. Deputat çıxışında xüsusi olaraq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünün bərpasından sonra ölkəmiz post-münaqişə dövrünə qədəm qoyub. Hazırda Ermənistanla sülh müqaviləsinin imzalanması yolu ilə münasibətlərin normallaşdırılması mərhələsindəyik.


Ölkə Başçısının rəhbərliyi altında Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa tədbirləri həyata keçirir. Bu fəaliyyət məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin edir. Bütün bu işlər Cənubi Qafqazı sülh, əməkdaşlıq və davamlı inkişaf məkanına çevirmək mövqeyinə əsaslanır. Azərbaycan inanır ki, dialoq, qarşılıqlı anlaşma və beynəlxalq hüquqa hörmət davamlı sabitliyin və regional rifahın əsas sütunlarıdır. 2021-ci ildə Mədəniyyət Paytaxtı elan edilmiş Şuşa şəhəri bu gün mədəni dirçəlişimizin rəmzinə çevrilib. Şuşa mədəniyyətimizin təbliği və mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edən bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir.


Həmçinin, digər azad edilmiş şəhərimiz, Laçın 2025-ci il üçün Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı elan olunub. Bu, Azərbaycanın regional mədəni əməkdaşlığa verdiyi töhfənin bariz nümunəsidir. Belə təşəbbüslər azad edilmiş torpaqların mədəni dirçəlişinə və zəngin irsimizin qorunmasına istiqamətlənən ölkəmizin qətiyyətini göstərir. Çıxışında Əminə Ağazadə Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş Qadınlar üzrə Komissiyanın yaradılması haqqında qətnamə layihəsinə diqqət çəkib. O, bildirib ki, gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi dayanıqlı inkişaf, sülh və demokratiyanın ayrılmaz tərkib hissəsidir. Deputat APA-nın Qadınlar üzrə Komissiyasının yaradılmasının təcrübə mübadiləsini və qadınların siyasi, ictimai həyatda fəal iştirakının təşviqini təmin edəcək daimi institusional mexanizm yaradacağına əminliyini ifadə edib.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: