Aİ-nin Azərbaycandakı Nümayəndəliyi "Avropada Təhsil" sərgisi keçirir

25.10.2025 12:36 7 baxış sayı 3 dəq. oxuma Trend
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi "Avropada Təhsil" sərgisi keçirir

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi oktyabrın 25-də Bakıda “Avropada Təhsil” sərgisinin açılışını etdi. Tədbir iki gün davam edərək potensial tələbələrə Avropada təhsil imkanları haqqında məlumatlar verdi.


“Hilton” mehmanxanasında keçirilən sərgidə Avropanın 10 ölkəsindən 30-dan çox universitet iştirak etdi. Açılış mərasimində Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Həsən Həsənli və Aİ-yə üzv dövlətlərin səfirləri iştirak edirdilər.


Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç tədbir zamanı çıxış etdi. Səfir iştirakçıları Avropa İttifaqının ali təhsil dünyasına dəvət edərək, təhsilin imkanlara açılan qapı olduğunu vurğuladı. Builki təhsil sərgisinin şüarı “Taleyini təhsil yazsın” idi. Səfir Azərbaycanın gənc nəslini Avropa İttifaqında mövcud olan ali təhsil sahəsindəki fürsətləri kəşf etməyə çağırdı.


Elm və təhsil nazirinin müavini Həsən Həsənli sərginin rəsmi açılış mərasimində çıxış edərək Azərbaycan hökuməti tərəfindən həyata keçirilən təhsil fəaliyyətlərindən danışdı. O bildirdi ki, "2022-2028 Dövlət Proqramı” çərçivəsində 200-ə yaxın tələbə Avropa universitetlərində təhsil alır. Nazir müavini, həmçinin, Latviya, Macarıstan və Rumıniya kimi Avropa ölkələri ilə hökumətlərarası təqaüd proqramları vasitəsilə ikitərəfli əməkdaşlığın həyata keçirildiyini qeyd etdi. O, Azərbaycan ali təhsil müəssisələri ilə Avropa universitetləri arasında mövcud əməkdaşlıqlar- ikili diplom proqramları, ortaq tədqiqat layihələri və müəllim-tələbə mübadilələri barədə məlumatlar verdi.


“Avropada Təhsil” sərgisi Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin təşkil etdiyi geniş miqyaslı təhsil kampaniyasına daxildir. Bu sərgi Aİ-Azərbaycan arasında mövcud olan daha geniş tərəfdaşlığın bir hissəsidir. Qeyd olunub ki, Avropa İttifaqı Azərbaycanda təhsil sektorunu 29 layihə ilə dəstəkləyir. Tədbirin hər iki günündə məlumat sessiyaları pulsuz keçirildi, burada Avropa universitetləri öz təhsil proqramlarını təqdim etdilər. Gənc Avropa Səfirləri isə Aİ-nin dəstəklədiyi təhsil imkanları barədə məlumatlandırma aparırdılar. Sərgi 25-26 oktyabr tarixlərində saat 10:00-dan 18:00-dək “Hilton” mehmanxanasının “Sevda” zalında təşkil olundu.


G
Beynəlxalq təhsil müxbiri

Xaricdə təhsil imkanları və beynəlxalq proqramlar haqqında yazıram. Özüm Almaniyada magistratura oxumuşam.

Bütün məqalələrə baxın
Paylaş: