Bakıda böyük narkotik əməliyyatı - 71 kq tiryək aşkarlanıb
Bakı polisinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları paytaxt ərazisində geniş miqyaslı əməliyyat keçiriblər. Əməliyyat zamanı 71 kiloqram tiryək və 13 min həb narkotik vasitə aşkar edilib. Hadisə ilə əlaqədar Cavid Zamanov, Ehtiram Abdullayev və İlkin Baxşıyev saxlanılıblar. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı araşdırma davam etdirilir.
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulan şəxsə 5 il həbs cəzası verilib
Bakı Ağır Cinayətlər Məhkəməsində Real Nəbiyevə qarşı məhkəmə prosesi başa çatıb. Hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
DYP skuter istifadəçilərinə müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi skuter istifadəçilərinə xüsusi müraciət ünvanlayıb. İdarə bildirib ki, paytaxtda fərdi mobil vasitələrdən istifadənin artması müsbət hal olsa da, yol hərəkəti qaydalarının pozulması ciddi narahatlıq doğurur. Skuter istifadəçiləri qaydalara riayət etməyə çağırılıb.
Bakıda özəl klinikadan 5 min manat oğurlanıb - kassir saxlanılıb
Paytaxtın Nəsimi rayonunda yerləşən özəl klinikalardan birindən oğurluq hadisəsi baş verib. Tibb mərkəzinin kassasından 5000 manat oğurlandığı polisə bildirilmişdir. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı kassir saxlanılıb.