Tramp Putin və Si Cinpinlə görüşmək istəyir
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Çin Sədri Si Cinpinlə ikitərəfli görüşlər keçirməyə ümid edir. ABŞ Dövlət katibi Marko Rubio bu barədə açıqlama verib. Görüşlərin G20 və APEC sammitləri çərçivəsində baş tutması gözlənilir. G20 sammiti Floridanın Mayami şəhəri yaxınlığında, APEC sammiti isə Çində keçiriləcək.
BMT əməkdaşı husilərin əsirliyində dünyasını dəyişib
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk husilərin əsirliyində saxlanılan BMT əməkdaşının öldüyünü açıqlayıb. İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şami 2024-cü ilin 6 iyunundan husilərin əsirliyində saxlanılırdı. Türk həmçinin BMT Baş katibi Antoniu Quterreşin Sudanda artan pilotsuz uçuş aparatları hücumlarını kəskin pisləməsini fonunda bu açıqlamanı edib. Quterreş dron hücumlarının mülki əhaliyə vurduğu fəlakətli təsirdən dəhşətə gəldiyini bildirib.
Fransa və Almaniyada kütləvi etiraz aksiyaları
Fransada alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq keçirilən nümayişlər zamanı polis 422 nəfəri saxlayıb. Daxili İşlər Naziri Loran Nunyez bu barədə məlumat verib. Eyni zamanda Almaniyada da minlərlə gənc küçələrə çıxıb. "Z nəsli tənzimləyir" adlı gənclik təşəbbüsü çərçivəsində Berlin, Hamburq, Frankfurt, Münhen və Kölndə sosial xərclərdəki ixtisarlara, artan yaşayış xərclərinə və hərbi xidmət qaydalarına etiraz aksiyaları keçirilib, polis müdaxilə edib.
Trampın Epşteynlə bağlı iddiası rədd edilib
ABŞ Prezidenti Donald Trampın "The Wall Street Journal" qəzetinə qarşı böhtan iddiası məhkəmədə rədd edilib. Florida ştatının Cənub Dairəsi üzrə Federal Məhkəməsi bu qərarı çıxarıb. İddia qəzetin 2003-cü ildə Trampın cinsi cinayətlərə görə məhkum edilmiş maliyyəçi Ceffri Epşteynə göndərdiyi iddia olunan məktubla bağlı idi.
Nigeriyada ebola şübhəsi
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. Ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi hər iki pasiyentin artıq təcrid olunduğunu bildirib. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdirir.