Tramp Netanyahuya İranla müharibəyə razılıq verməyib
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya İranla yeni müharibəyə başlamaq üçün razılıq verməyib. CNN ABŞ rəsmlilərinə və İsrail xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən bu barədə məlumat yayıb. Mənbələrdən birinin bildirdiyinə görə, Netanyahu İsraildə bu məsələ ilə bağlı təzyiq altındadır. Xatırladaq ki, Tramp bu gün əvvəl İrana ultimatum verərək "ya razılaşma, ya da məhv" seçimi qarşısında qoymuşdu.
Kreml: üçtərəfli danışıqlar hərbi məhdudiyyət nəzərdə tutmur
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların bərpası qərarı hərbi fəaliyyətlərin məhdudlaşdırılmasını nəzərdə tutmur. Peskov bu açıqlamanı Moskvada jurnalistlərə edib. Eyni zamanda Ukraynada hərbi vəziyyət rejimi Prezident Zelenskinin təşəbbüsü ilə Ali Radanın təsdiqindən sonra daha üç ay müddətinə uzadılıb.
Avropada LNG qiymətləri 47 faiz artıb
Rystad Energy şirkətinin məlumatına görə, Avropada mayeləşdirilmiş təbii qazın (LNG) orta qiyməti 47 faiz artıb. Şərqi Asiyada isə neft qiymətlərinə indeksləşdirilmiş uzunmüddətli müqavilələr üzrə qazın qiyməti təxminən 28 faiz bahalaşıb. Bu məlumat enerji bazarlarında qiymət artımının davam etdiyini göstərir.
Azərbaycan Çexiyaya neft ixracından gəlirini 30 faizə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Çexiyaya 1 milyon 326 min ton xam neft ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu məhsulun dəyəri 908 milyon dollar təşkil edib. İxracın miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə cüzi - 1,42 faiz artsa da, gəlir 30 faizə yaxın yüksəlib.
Böyük Britaniya Sudandakı münaqişənin 15 iştirakçısına sanksiya tətbiq edib
Böyük Britaniya Sudandakı münaqişənin hər iki tərəfi ilə əlaqəli 15 hərbi komandir, silahlı qrupların lideri və təhlükəsizlik xidmətlərinin əməkdaşına qarşı sanksiyalar tətbiq edib. London onları cinsi zorakılıqda, işgəncələrdə və dinc sakinlərə hücumlarda ittiham edir.
Almaniyada kruiz gəmisi konteyner gəmisinə çırpılıb
Bremerhaven limanından yola düşən Mein Schiff 3 adlı kruiz gəmisi fırtınanın təsiri ilə limanda gözləyən konteyner gəmisinə çırpılıb. Gəmidə 2428 sərnişin və 922 ekipaj üzvü olub. Gəmi Kanar adalarına yola düşərkən hadisə baş verib.