Xəbər İcmalı - 26.10.2026

icmal

Azərbaycan sülh məsələsinə son nöqtəni qoymağa hazırdır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib ki, Azərbaycan sülh məsələsinə son nöqtəni qoymağa hazırdır. Nazir Azərbaycanın öz xoşniyyətini göstərdiyini vurğulayıb. Eyni zamanda Bayramov azad edilmiş ərazilərdə fəaliyyət göstərən Niderland şirkətlərinin sayının artırılması üçün potensialın mövcud olduğunu qeyd edib.


Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. Görüş zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub.


Moskvada hava hücumundan müdafiə sisteminə hücum hazırlayan 2 nəfər saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə hərəkət etdikləri iddia olunan 2 nəfərin Moskvanın hava hücumundan müdafiə sisteminə və elektrik stansiyasına qarşı pilotsuz uçuş aparatı hücumu hazırlayarkən saxlanıldığını açıqlayıb.


İraq təhlükəsizlik qüvvələri Sincarda PKK-nın qolundan hərbi mövqeləri təhvil alıb

İraq təhlükəsizlik qüvvələri Sincar bölgəsində terror təşkilatı PKK-nın qolu olan "Şengal Müqavimət Birlikləri" (YBŞ) adlı qurumdan bəzi hərbi mövqeləri təhvil alıb. Məlumatı İraq hökumətinə bağlı Təhlükəsizlik Media Şəbəkəsi yayıb.


Fransada həftə sonu etirazlarda 1435 nəfər saxlanılıb

Fransada həftə sonu baş verən kütləvi etirazlar zamanı hüquq-mühafizə orqanları 1435 nəfəri saxlayıb. Daxili işlər naziri Loran Nunyesin açıqlamasına görə, saxlanılanlardan 100-dən çoxunun üzərindən bıçaq, metal kürələr, pirotexnika və digər oxşar əşyalar aşkar edilib.


Azərbaycan QHT-ləri İran prezidentini azərbaycanlıların ana dilində təhsili üçün təşəbbüsə çağırıb

Azərbaycandan 55 QHT İran prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb. Məktubda İranda yaşayan azərbaycanlıların ana dilində təhsil alması üçün təşəbbüs göstərilməsi çağırışı edilib. QHT-lər Pezeşkianın işğaldan azad edilmiş Xankəndi və Şuşaya səfərini, Azərbaycana münasibətdə göstərdiyi xoş məramı yüksək qiymətləndiriblər.