Tramp İrana qarşı yeni hərbi zərbələri istisna etməyib
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında razılıq əldə olunmadığı təqdirdə İrana qarşı yeni hərbi hücumların mümkünlüyünü istisna etməyib. Tramp Floridada jurnalistlərin suallarını cavablandırarkən İranda "başladığı işi sona çatdırmaq məcburiyyətində qala biləcəyini" bildirib və yenidən bombalama ehtimalının mövcud olduğunu açıqlayıb. Eyni zamanda, "Al-Arabiya" telekanalının məlumatına görə, İran ABŞ-yə müraciət edərək limanlarına tətbiq olunan Amerikan blokadasının aradan qaldırılması müqabilində Hörmüz boğazında gəmiçiliyin bərpasını təklif edib. Mənbələrə görə, Tehran bu təklifi artıq Pakistan vasitəçiləri ilə Vaşinqtona çatdırıb.
Elon Musk Ukraynanı Starlink şərtlərini pozmaqda ittiham edib
SpaceX şirkətinin baş direktoru Elon Musk Ukrayna ordusunun Starlink peyk internet sisteminin xidmət şərtlərini pozduğunu və bu sistemdən pilotsuz uçuş aparatlarının hücumlarında - insanları öldürmək məqsədilə istifadə etdiyini bildirib. Musk qeyd edib ki, bu boşluq keçən həftə aradan qaldırılıb.
Tiranda etirazçılar nazirlik binalarını və bankları yandırıb
Albaniyanın paytaxtı Tiranda etirazçılarla polis arasında şiddətli toqquşmalar davam edir. Nümayişçilər Ətraf Mühit Nazirliyi də daxil olmaqla rəsmi qurumları və bankları yandırıb, mağazaların vitrinlərini sındırıb, polisə fişəng və daş atıblar. Küçələr döyüş meydanına çevrilib, polis alovlar içində qalıb.
Meghan Marklenin atasına uşaq istismarı ittihamı irəli sürülüb
Britaniya kral ailəsinin üzvü Meghan Marklenin 82 yaşlı atası Tomas Markle haqqında uşaqların cinsi istismarına dair ittihamlar gündəmə gəlib. İngilis mətbuatının yaydığı xəbərlərə görə, Marklenin Filippində əvvəllər yaşadığı evdə müvafiq görüntülər aşkar edilib. Məsələ Filippin, ABŞ və Britaniya rəsmilərinin gündəminə düşüb.
Serbiyada bu gün növbədənkənar parlament seçkiləri keçiriləcək
Serbiyada birpalatalı parlamentə - Xalq Skupşinasına növbədənkənar seçkilər keçiriləcək. Respublika Seçki Komissiyası 6 milyon 451 min 292 seçicini qeydə alıb. Seçicilər dörd il müddətinə 250 deputat seçəcəklər. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da, Bakı vaxtı ilə 10:00-da açılacaq.