Xəbər İcmalı - 25.10.2026

icmal

ABŞ-da stadion yaxınlığında atışma: 12 nəfər yaralanıb

ABŞ-ın Florida ştatının Tallahassi şəhərində, Florida A&M Universitetinin stadionu yaxınlığında atışma baş verib. "Reuters" agentliyinin məlumatına görə, hadisə futbol matçından dərhal sonra qeydə alınıb və nəticədə 12 nəfər yaralanıb. Yaralıların 6-sı yetkinlik yaşına çatmayanlardır.


Bolqarıstanda prezident seçkiləri başlayıb

Bolqarıstanda prezident postu uğrunda 27 namizədin mübarizə apardığı seçkilərə start verilib. Ölkə üzrə 12 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 07:00-da açılıb. Təxminən 6,6 milyon seçicinin səsvermə hüququ var.


Filippində bazar yanğınında 5 nəfər həlak olub

Filippinin cənubundakı Luson adasında yerləşən Sorsoqon şəhərində ictimai bazarda baş verən yanğın nəticəsində 5 nəfər ölüb. "Xinhua" agentliyinin məlumatına görə, yanğın şənbə axşamı başlayıb və qısa zamanda bütün bazara yayılıb.


Beyrutda cami qarşısında qalmaqallı hadisə

Livanın paytaxtı Beyrutda bir caminin qarşısında baş verən hadisə ciddi narazılığa səbəb olub. Şəhər mərkəzindəki caminin girişinə gələn qadın paltarlarını çıxararaq yarıçılpaq vəziyyətdə rəqs etməyə başlayıb. Ətrafdakıların xəbərdarlıqlarına baxmayaraq hərəkətlərini davam etdirən qadın daha sonra saxlanılıb.


Premyer Liqada IX tura yekun vurulur

Misli Premyer Liqasında IX turun son iki oyunu bu gün keçiriləcək. Günün ilk matçında "İmişli" saat 15:00-da Yevlax şəhər stadionunda "Şamaxı"nı qəbul edəcək. "Şamaxı" 13 xalla 7-ci, "İmişli" isə 7 xalla 9-cu pillədə qərarlaşıb.


Tovuzda ağır yol qəzası: piyada həlak olub

Tovuz rayonunda Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili yolu keçmək istəyən 46 yaşlı rayon sakinini vurub. Piyada aldığı xəsarətlərdən həyatını itirib.