Pentaqon rəhbəri İsrailə gizli səfər edib
ABŞ-nin müdafiə naziri Pit Heqset İsrailə gizli səfər çərçivəsində Baş nazir Benyamin Netanyahu ilə görüşüb. "Axios" portalının məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, görüş oktyabrın 19-da baş tutub. Danışıqların təfərrüatları açıqlanmayıb. Eyni vaxtda İsrail işğal altındakı Qərbi İordaniya sahilində - Xalil və Beyt-Ləhm şəhərlərində fələstinlilərə məxsus təxminən 183 dönüm torpaq sahəsini müsadirə edib. Bu barədə Fələstin Ayrılıq Divarı və Yəhudi Məskunlaşma Bölmələri ilə Mübarizə Şurası açıqlama yayıb.
Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukraynanın NATO-ya üzv olmamalı olduğunu açıq şəkildə bəyan edib. Vens "2WAY" portalına müsahibəsində bildirib: "Ukrayna NATO-nun üzvü deyil. Mən də onun alyansa qoşulmalı olduğunu düşünmürəm." Bu açıqlama Trampın Rusiyaya sanksiya təhdidi və üçtərəfli sammit təklifi fonunda əlavə siyasi siqnal kimi dəyərləndirilir.
UEFA FIFA-dan İnfantinonun yeni təşəbbüsü ilə bağlı izahat tələb edib
UEFA FIFA prezidenti Canni İnfantinonun ən böyük futbol turnirlərini idarə edəcək yeni şirkət yaratmaq planı ilə bağlı noyabrın 2-dək izahat verilməsini tələb edib. Bu tələb UEFA-nın FIFA rəhbərliyinə ünvanladığı rəsmi məktubda yer alıb. Təşəbbüs beynəlxalq futbol idarəçiliyində ciddi gərginliyə səbəb olub.
Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi - 14 ölü
Kolumbiyanın cənub-qərbindəki Narino bölgəsində qanunsuz qızıl mədənində torpaq sürüşməsi baş verib. Fəlakət nəticəsində azı 14 nəfər həlak olub, 7 nəfər yaralanıb. Hadisə El Çambero və Bellavista yaşayış məntəqələri arasındakı ərazidə qeydə alınıb. Axtarış-xilasetmə əməliyyatları davam edir.
ABŞ Avropada aerostatlardan kütləvi istifadəni planlaşdırır
ABŞ-ın Quru Qoşunları Avropada hərbi münaqişə baş verəcəyi təqdirdə yüksəklik aerostatlarından kütləvi şəkildə istifadə imkanını araşdırır. ABŞ generalı Stiven Karpenterin açıqlamasına görə, aerostatlardan məlumatların ötürülməsi və silah sistemlərinin işə salınması məqsədilə istifadə nəzərdə tutulur.