Avropada etiraz dalğası genişlənir
Fransada sentyabrın 21-dən başlayan etirazlar artıq Avropa miqyasına çıxıb. Lise şagirdlərinin Paris ətrafında başlatdığı aksiyalar əvvəlcə ölkə daxilində yayılıb, sonra isə Belçika, İtaliya, Albaniya və Yunanıstana keçib. Parisin tüstüyə bürünmüş küçələrindən yüksələn "dəyişiklik" tələbləri Avropa hökumətlərini ciddi narahatlığa salıb. Bu arada ABŞ Prezidenti Donald Tramp öz "Truth Social" hesabında Fransadakı vəziyyətlə bağlı sərt bəyanat verib, "miqrantlar Fransanı zəbt ediblər" deyərək sərhədlərin dərhal bağlanmasının vacibliyini vurğulayıb.
Ramiz Mehdiyevin AMEA üzvlüyü məsələsi gündəmə gəlir
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıqlama verərək bildirib ki, məhkəmənin qərarı məlum olandan sonra Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasında həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq. Həbibbəyli qeyd edib ki, Mehdiyevin AMEA-da həqiqi üzvlükdən başqa statusu da nəzərdən keçiriləcək.
SOCAR Türkiye 1,6 milyard dollar cəlb edib
SOCAR-ın törəmə şirkəti "SOCAR Türkiye" öhdəliklərinin yenidən maliyyələşdirilməsi sövdələşməsi çərçivəsində 1,6 milyard dollar cəlb edib. Sindikatlaşdırılmış maliyyələşdirmənin təşkilatçıları "First Abu Dhabi Bank" və "Mizuho Bank" olub.
Elon Musk ABŞ-dakı hər uşağa SpaceX səhmi vəd edib
Elon Musk 2027-ci ildə Amerikadakı hər bir uşağa SpaceX şirkətindən bir səhm verəcəyini açıqlayıb. Şirkətin hazırkı səhm qiyməti 146 dollar olduğu halda, bu hədiyyənin ümumi dəyərinin 10 milyard dollardan çox olacağı təxmin edilir.
İspaniyada leysan yağışları qurban alıb
İspaniyada leysan yağışları və əlverişsiz hava şəraiti səbəbindən azı 3 nəfər həlak olub. "El Pais" qəzetinin məlumatına görə, sonuncu qurban Valensiya muxtar icmasında yaşayan 79 yaşlı qadın olub. Valensiya ilə yanaşı, Kataloniya və Balear adaları da əlverişsiz hava şəraitindən əziyyət çəkir.
Iran Air sanksiyaların təsirindən şikayətlənib
İranın dövlət hava yolu şirkəti Iran Air-in baş direktoru Tahir Əbdülhəy bildirib ki, sanksiyalar üzündən şirkətin təyyarə parkında ciddi problemlər var. Onun sözlərinə görə, parkda olmalı 1000 təyyarə əvəzinə cəmi 300 təyyarə mövcuddur və onların da yalnız bir hissəsindən istifadə oluna bilir.