Hörmüz boğazında batan gəmidə təhlükəli kimyəvi maddələr ola bilər
Hörmüz boğazında batan Sinqapur bayrağı altında üzən "GFS Pride" gəmisinin konteynerlərində təhlükəli kimyəvi maddələrin olduğu ehtimal edilir. "Əl-Cəzirə" Oman hakimiyyət orqanlarına istinadla bu barədə məlumat yayıb. Eyni zamanda, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) son bir həftədə Hörmüz boğazı vasitəsilə Fars körfəzi ölkələrinə 100 milyon bareldən çox xam neftin daşınmasına kömək etdiyini açıqlayıb. CENTCOM rəhbəri admiral Bred Kuper bu barədə məlumat verib.
Tramp Ukrayna müharibəsinə son qoyulmasını tələb edib
ABŞ Prezidenti Donald Tramp Corciya ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışında Ukrayna böhranının tezliklə başa çatmalı olduğunu bəyan edib. Bu arada, Almaniya kansleri Fridrix Merts Brüsseldə Avropa İttifaqı sammitinin yekunlarına dair mətbuat konfransında münaqişənin nizamlanması yollarını müzakirə etmək üçün ən geci dekabr ayında Trampla şəxsən görüşməyi planlaşdırdığını açıqlayıb.
Venesuelalı müxalifət lideri ABŞ-ı danışıqlardan kənarda qalmaqda ittiham edib
Nobel Sülh Mükafatı laureatı Mariya Korina Makado The New York Times qəzetinə müsahibəsində Venesuelada hakim partiya ilə müxalifət arasında aparılan danışıqlara ABŞ-nin onu cəlb etmədiyini iddia edib. Makado yaxın zamanda ölkəsinə qayıdacağını da bildirib.
Google-un yeni kvant çipi bitcoin təhlükəsizliyinə narahatlıq yaradır
Google-un yeni Willow kvant çipi ilə bağlı açıqlaması bitcoin dünyasında ciddi müzakirələrə səbəb olub. Şirkətin məlumatına görə, çip mürəkkəb hesablamalar üçün lazım olan xüsusi kvant vəziyyətlərini təxminən 40 dəfə az xəta ilə hazırlaya bilir. Bu nailiyyət gələcəkdə köhnə bitcoin pul kisələrinin kvant kompüterləri vasitəsilə sındırılması riskini artıra bilər.
Mark Uolberq uzunömürlülük startaplarına rəqib olmağa hazırlaşır
Aktyor Mark Uolberq dekabr ayında Las-Veqas yaxınlığında özünün ilk "Municipal Gym" idman zalını açmağa hazırlaşır. 32 min kvadratmetr sahəsi olan bu klub qan analizləri, epigenetik testlər, bərpa avadanlıqları, kompressiya terapiyası, soyuq su vannaları və protein keksləri təqdim edən kafe ilə təchiz olunacaq.