Xəbər İcmalı - 01.10.2026

icmal

Rusiya BMT-nin islahını dəstəklədiyini bəyan edib

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Millətlər Təşkilatının ədalətli islahatını dəstəklədiyini açıqlayıb. Putin bu mövqeyini "Valday" Beynəlxalq Diskussiya Klubunun XXIII illik iclasında "Gələcək üçün məsuliyyət: mümkün olanın sərhədləri, yoxsa sərhədsiz imkanlar?" mövzusunda çıxışı zamanı ifadə edib.


ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu kəskin artırır

Birləşmiş Ştatlar Yaxın Şərq regionuna üçüncü təyyarədaşıyan gəmi - "USS Theodore Roosevelt" və ikinci dəniz piyada diviziyası bölməsi göndərir. ABŞ rəsmisi i24NEWS-a bildirib ki, əlavə qüvvələrin göndərilməsi artıq planlaşdırılıb. Bu addım regionda artan gərginlik fonunda ABŞ-ın hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə gücləndirir. Eyni zamanda, ABŞ 2025-ci maliyyə ili üçün Misirə 320 milyon dollar hərbi yardım ayırmaq qərarı verib. "Reuters"in məlumatına görə, bu qərar dövlət katibi Marko Rubio tərəfindən Misirin insan hüquqlarına riayətini təsdiqləmə tələbi olmadan qəbul edilib.


Ərəb Koalisiyası: Husilər Mədinədəki elektrik stansiyasına PUA ilə hücum edib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası bildirib ki, Yəməndəki İran dəstəkli husilər iki gün əvvəl Mədinə şəhərindəki Taybə Elektrik Stansiyasına pilotsuz uçuş aparatı ilə zərbə endirib. Məlumatı koalisiyanın sözçüsü briqada generalı Türki əl-Maliki açıqlayıb.


Qara dənizdə yeni atəşkəs danışıqları gözlənilir

"Bloomberg" adı açıqlanmayan yüksəkvəzifəli diplomata istinadən xəbər verib ki, Türkiyə və BMT oktyabrın əvvəlində Qara dənizdə Rusiya ilə Ukrayna arasında yeni atəşkəs danışıqları raundu təşkil etməyə hazırlaşır. Danışıqlarda vasitəçi qismində İsveçrənin "Centre for Humanitarian Dialogue" təşkilatının iştirakı nəzərdə tutulur. Bu arada, Rusiya ordusu Kiyevdəki Nüvə Tədqiqat İnstitutunu PUA ilə hədəf alıb. Ukrayna Nüvə Tənzimləmə Dövlət Nəzarəti hücum nəticəsində heç kimin xəsarət almadığını açıqlayıb.


Afrika Birliyinin Tripoli ofisi 11 ildən sonra yenidən açılıb

Afrika Birliyinin Liviyanın paytaxtı Tripolidəki ofisi on bir illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb. Liviya Milli Birlik Hökuməti Xarici İşlər Nazirliyinin məlumatına görə, ofisin açılışı Afrika Birliyi Komissiyasının sədri Mahmud Əli Yusufun Liviyaya səfəri çərçivəsində baş verib.


Türkiyədə rəqəmsal azadlıqlarla bağlı yeni narahatlıq

Türkiyədə rəqəmsal hüquqlar sahəsində fəaliyyət göstərən EngelliWeb təşkilatının X (keçmiş Twitter) sosial media hesabına əsaslı səbəb göstərilmədən giriş məhdudlaşdırılıb. Bu hadisə ölkədə internet azadlığı və rəqəmsal hüquqlarla bağlı narahatlıqları yenidən gündəmə gətirib.