Xəbər İcmalı - 25.09.2026

icmal

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev cümə günü Bakıda keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2026) iştirakçılarına müraciət göndərib. Müraciətdə qlobal iqtisadi münasibətlərin sürətlə dəyişdiyini, təchizat zəncirlərinin yenidən formalaşdığını və yeni nəqliyyat, enerji və texnoloji əlaqələrin yarandığını vurğulayan dövlət başçısı TRIPP layihəsinin Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcəyini bildirib. İlham Əliyev Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın strateji mövqeyinə diqqət çəkib.


Özbəkistan Azərbaycanla ticarəti 2 milyard dollara çatdırmaq və Zəngəzur dəhlizinə investisiya yatırmaq istəyir

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov AIIF 2026 çərçivəsində açıqlama verərək yaxın illərdə Azərbaycanla ticarət dövriyyəsinin 2 milyard ABŞ dollarına çatdırılmasının planlaşdırıldığını deyib. Nazir həmçinin Özbəkistanın Orta Dəhliz çərçivəsində əlavə nəqliyyat imkanlarının, o cümlədən Zəngəzur dəhlizinin inkişafına investisiya yatırmaq niyyətində olduğunu bəyan edib.


Pakistan Mərkəzi Asiya və Körfəz ölkələrini birləşdirən dəhliz layihəsini Bakıda təqdim edib

Pakistanın federal rabitə naziri Alem Xan İnvestisiya Forumunda çıxış edərək ölkənin şimal-cənub magistral yolunun təxminən 70 faizinin inşasının artıq başa çatdığını açıqlayıb. Mərkəzi Asiya və Körfəz ölkələrini birləşdirəcək bu dəhliz layihəsinin 30 faizi hələ tamamlanmayıb.


Nəcəf hava limanı İrana uçuşları dayandırıb

İraqın Nəcəf Beynəlxalq Hava Limanının rəhbərliyi İranla qarşılıqlı uçuşların növbəti elana qədər müvəqqəti dayandırıldığını bəyan edib. Hava limanı aviaşirkətlərə göndərdiyi sənəddə İrana istiqamətlənən bütün qarşılıqlı reyslərin ikinci bir xəbərdarlığa qədər saxlanıldığını qeyd edib.


Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı 5 vəzifəli şəxs saxlanılıb

Qazaxıstan Daxili İşlər Nazirliyi Manqistau vilayəti sahillərində, Xəzər dənizində təlimlər zamanı hərbi qulluqçuların həlak olması ilə bağlı işdə Müdafiə Nazirliyinin beş vəzifəli şəxsinin saxlanıldığını açıqlayıb. Xatırladaq ki, hadisə nəticəsində 9 hərbçi həyatını itirib, Azərbaycan XİN və Müdafiə Nazirliyi əvvəlcə Qazaxıstana başsağlığı vermişdi.


Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başlayıb

Bakı Şəhər Halqasında Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sonuncu - üçüncü sərbəst yürüş sessiyası saat 12:30-da start götürüb. Sessiya 13:30-dək davam edəcək və pilotlar trasın xüsusiyyətlərini daha yaxından öyrənəcək, bolidlərin sazlanmasını yoxlayacaqlar.