Xəbər İcmalı - 24.09.2026

icmal

Si Cinpin: Çin və ABŞ rəqib deyil, tərəfdaş olmalıdır

Çin lideri Si Cinpin ABŞ-a dövlət səfərinin ilk günündə yazılı müraciətlə çıxış edib. Çin Mərkəzi Televiziyası tərəfindən yayımlanan müraciətdə Si Cinpin bildirib ki, hər iki ölkə milli inkişaf məqsədlərinə çatmaq üçün rəqib deyil, tərəfdaş olmalıdır. Xatırladaq ki, Çin liderinin təyyarəsi Endryus hərbi bazasına yerli vaxtla saat 17:39-da enib, onu qırmızı xalça ilə Prezident Donald Tramp şəxsən qarşılayıb. Qarşılama zamanı ABŞ Hərbi Hava Qüvvələrinin fəxri qarovulu təşkil olunub.


ABŞ-Çin "Busan razılaşması" yanvarın 10-na qədər uzadılıb

ABŞ Maliyyə naziri Skott Bessent Çin ilə noyabrda başa çatacaq "Busan razılaşması"nın 10 yanvara qədər uzadılması barədə razılığa gəlindiyini açıqlayıb. Bessent Fox News-a müsahibəsində bildirib ki, Çin Baş nazirinin müavini Hi Lifin ilə bazar günü Nyu-Yorkda görüşüb. Bu razılaşma Si Cinpinin ABŞ səfəri fonunda iki ölkə arasında ticarət gərginliyinin azaldılmasına yönəlik mühüm addım kimi dəyərləndirilir.


Zelenski BMT-də Rusiyaya xəbərdarlıq edib

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərək Moskvaya xəbərdarlıq ünvanlayıb. Zelenski bildirib ki, tərəflər soyuqlar düşməzdən əvvəl enerji obyektlərinə hücumların dayandırılması barədə razılığa gələ bilməsələr, Ukrayna Rusiyaya cavab zərbələri endirəcək.


Anthropic rəhbəri: Süni intellekt bəşəriyyət üçün təhlükə ola bilər

ABŞ texnologiya şirkəti Anthropic-in baş direktoru Dario Amodei BMT Təhlükəsizlik Şurasının süni intellektə həsr olunmuş iclasında çıxış edib. Amodei bildirib ki, süni intellekt texnologiyaları üzərində nəzarətin itirilməsi bütövlükdə bəşəriyyət üçün ciddi təhlükə yarada bilər.


Kanada ABŞ-nin mümkün hərbi müdaxiləsinə hazırlaşıb

Kanada Baş naziri Mark Karni The New York Times qəzetinə müsahibəsində açıqlayıb ki, Kanada hakimiyyəti son bir il ərzində ABŞ tərəfindən mümkün hərbi müdaxilə ssenarisinə hazırlıq görüb. Karni bununla belə qeyd edib ki, hökumət belə bir ssenarini son dərəcə az ehtimal olunan hal kimi qiymətləndirib.