Qazaxıstanda hərbi təlim zamanı faciə: 9 hərbçi həlak olub, Azərbaycan başsağlığı verib
Qazaxıstanın Xəzər dənizi sahilində keçirilən "Xəzər Qorqanı-2026" adlı hərbi təlim zamanı faciəvi hadisə baş verib. Havanın qəfil pisləşməsi və küləyin güclənməsi nəticəsində 19 hərbçi dənizə sürüklənib, onlardan 9 nəfər həyatını itirib. Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan müdafiə naziri general-leytenant Dauren Kosanova başsağlığı ünvanlayıb. Azərbaycan Xarici İşlər Nazirliyi də Qazaxıstan tərəfinə başsağlığı verib.
Azərbaycan İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Azərbaycan ABŞ sanksiyaları səbəbindən İran hava yolu şirkətlərinin ölkəyə həyata keçirdiyi uçuşları müvəqqəti olaraq dayandırıb. Azərbaycan Mülki Aviasiya Agentliyi bu qərarın İranın aviasiya sektoruna tətbiq edilən Amerika sanksiyaları ilə əlaqədar olduğunu açıqlayıb.
İsrail fələstinli partiyaları seçkidən kənarlaşdırıb
İsrail Mərkəzi Seçki Komissiyası ölkə vətəndaşı olan fələstinliləri təmsil edən partiyaların və namizədlərin seçkilərə buraxılmaması barədə qərar qəbul edib. Eyni zamanda komissiya ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Gvirin rəhbərlik etdiyi Yəhudi Gücü partiyasının yarışda qalmasına icazə verib.
ABŞ və Çin ticarət atəşkəsini uzadıb
ABŞ və Çin "Pusan razılaşması" kimi tanınan ikitərəfli ticarət atəşkəsinin müddətini uzatmaq barədə razılığa gəliblər. ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News"a müsahibəsində razılaşmanın müddətinin 2027-ci il yanvarına qədər uzadıldığını bildirib.
Romaniyanın hava məkanını pozan PUA Moldova sərhədi yaxınlığında düşüb
Rumıniyanın şimal-şərqində, Moldova sərhədi yaxınlığındakı Solka qəsəbəsində pilotsuz uçuş aparatı düşüb. Rumıniya Müdafiə Nazirliyinin açıqlamasına görə, radar sistemləri səhər saatlarında ölkənin hava məkanını 4 dəqiqə müddətinə pozan PUA aşkar edib. Eyni vaxtda Polşanın Mazoviya bölgəsində Mərkəzi və Şərqi Avropanı, o cümlədən Ukraynanı internet rabitəsi ilə təmin edən "Starlink" yerüstü baza stansiyasının ərazisində yanğın baş verib.
Bitcoin kəskin ucuzlaşıb, istiqraz gəlirləri 2007-ci ildən bəri rekord səviyyədə
10 illik ABŞ xəzinə istiqrazlarının gəlirliliyi 2007-ci ildən bəri ən yüksək göstəriciyə çatıb. Artan istiqraz gəlirləri və güclənən dollar kriptovalyuta bazarına ciddi təzyiq göstərib - Bitcoin 83 min dollardan aşağı düşüb. Treyderlər Federal Ehtiyat Sisteminin 2027-ci ilin iyununa qədər faiz dərəcəsini dörd dəfə artıracağını proqnozlaşdırır.