Xəbər İcmalı - 20.09.2026

icmal

İran hərbi komandanlığı ABŞ-ın yeni hücum planı barədə xəbərdarlıq edib

İranın "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahı ABŞ-ın region ölkələrinin dəstəyi ilə İrana qarşı yeni hücum planı hazırlaya biləcəyi barədə bəyanat yayıb. İranın IRIB agentliyinə istinadən yayılan bəyanatda qeyd olunur ki, ABŞ bəzi region ölkələrinin yaşıl işığı ilə belə bir əməliyyat planlaşdıra bilər. Eyni zamanda, İran Kəşfiyyat Nazirliyi ABŞ və İsraillə əlaqəli olduğu iddia edilən 3 terror mərkəzinin məhv edildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, Qərbi Azərbaycan, Kirman və Əlburz əyalətlərində sui-qəsd, bombalı hücum və sabotaj hazırlığında olan şəbəkələr zərərsizləşdirilib.


Şimali Koreya Yapon dənizinə iki raket atıb

Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahı Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətinə raketlər atdığını bildirib. Yonhap agentliyinin məlumatına görə, birinci raketin təxminən 450 kilometr məsafə qət etdiyi müəyyən edilib. Raketlərin tipi hələlik dəqiqləşdirilməyib.


Rusiyada ağır yol qəzasında 14 nəfər həlak olub

Rusiyanın Arxangelsk vilayətində baş vermiş yol-nəqliyyat hadisəsində ölənlərin sayı 14 nəfərə çatıb. Regionun səhiyyə naziri Dmitri Boqdanov həkimlərin bütün səylərinə baxmayaraq, daha bir pasiyenti xilas etməyin mümkün olmadığını açıqlayıb.


Xocavəndin Şəhər Günü qeyd olunub

Xocavənd şəhərində 20 Sentyabr - Şəhər Günü münasibətilə genişmiqyaslı ictimai-mədəni tədbir keçirilib. Tədbir Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.


Hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edilib

Baş Dövlət Yol Polisi İdarəsi sentyabrın 21-də ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında leysan xarakterli intensiv yağış, şimşək və dolu gözlənildiyini nəzərə alaraq sürücülərə müraciət edib. Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə ediləcəyi proqnozlaşdırılır.