Xəbər İcmalı - 26.05.2026

icmal

Saat 03:00 - Xəbər İcmalı

İsrail atəşkəsi pozaraq Lübnana genişmiqyaslı hava hücumları həyata keçirib, ən azı 9 nəfər həlak olub. İsrail ordusu 17 apreldə qüvvəyə minən və 17 maya qədər uzadılmış atəşkəsə baxmayaraq, Lübnanın cənub və şərq bölgələrinə, o cümlədən Beka vadisi, Arabsalim, Duveyr və Kefər Rumman kəndlərinə hava zərbələri endirib. Lübnanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, hücumlar nəticəsində ən azı 9 nəfər həyatını itirib. İsrail hərbi komandanlığı döyüş təyyarələrinin Beka və ölkənin digər bölgələrini hədəf aldığını təsdiqləyib. Bu arada, İsrail Baş naziri Binyamin Netanyahu ordusuna Lübnana qarşı hücumları artırması əmrini verib. Bunun ardınca paytaxt Beyrutun Dahiye rayonunun sakinlərinin bir hissəsi yenidən evlərini tərk etmək məcburiyyətində qalıb.


ABŞ Prezidenti Donald Trump İranın zənginləşdirilmiş uraniumunun məhv edilməsini tələb edib. Trump sosial media hesabından yayımladığı açıqlamada bu madənin ya ABŞ-a təhvil verilməsini, ya da beynəlxalq nəzarət altında imha olunmasını istəyib. Bu tələb ABŞ-İran nüvə danışıqlarının davam etdiyi bir vaxtda səslənir. Xatırladaq ki, tərəflər arasında çərçivə sazişinin 95 faizinin artıq razılaşdırıldığı bildirilsə də, Trump öz müzakirəçilərinə danışıqlarda tələsməmələrini tapşırıb.


İsrail ordusunun Qəzza Şeridinin mərkəzindəki Nusayrat Qaçqın Düşərgəsinə endirdiyi hava zərbəsi ciddi dağıntılara səbəb olub. Fələstin Xəbər Agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələri düşərgədə "Tavil" ailəsinə məxsus bir evin üzərinə bomba atıb. Hücum nəticəsində ağır zərər dəyib.


Suriyanın yeni ordusu rejim dəyişikliyindən sonra ilk dəfə ölkə xaricində beynəlxalq hərbi təlimlərə qatılıb. İsrail mənbəli Maariv qəzetinin məlumatına görə, Suriyanın yüksək rütbəli sərkərdələri Türkiyəyə səfər edərək EFES 2026 hərbi təlimində iştirak ediblər. Təlim dəniz, hava və quru qüvvələri arasında əlaqələndirməni əhatə edir. Bu hadisə Suriyanın yeni hərbi rəhbərliyinin beynəlxalq inteqrasiya istiqamətində atdığı mühüm addım kimi qiymətləndirilir.


Braziliyalı tanınmış fitness bloqeri 22 yaşında vəfat edib. İnstaqramda 2,3 milyon izləyicisi olan Gabriel Ganley San-Paulu şəhərində öz evində ölü vəziyyətdə aşkar edilib. Gənc idmançının ani ölümünün səbəbləri hələlik açıqlanmayıb. Hadisə idman ictimaiyyətində böyük kədərə səbəb olub.