Saat 16:00 - Xəbər İcmalı
Anar Əsədliyə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsi ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə hökmünü elan edib. Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı 7 il azadlıqdan məhrum edilməsi tələb etmişdi. Məhkəmə Əsədlinin həbsdə qaldığı müddəti nəzərə alaraq qərar çıxarıb.
Rusiya-Ukrayna cəbhəsindən son məlumatlar. Rusiya Müdafiə Nazirliyi 16-22 may tarixləri arasında Ukraynaya məxsus 4 min 184 dronu məhv etdiyini bildrib. Digər tərəfdən, Xarkiv vilayətinin valisi Oleh Sinehubov açıqlayıb ki, müharibənin başlanmasından bəri bölgədə təxminən 100 min sivil infrastruktur və bina hədəfə alınıb. Vali bildirib ki, şəhər mərkəzindəki məktəblərin təxminən 50 faizi tamamilə dağıdılıb, lakin həyat davam edir.
DSÖ Konqo Demokratik Respublikasında Ebola epidemiyası ilə bağlı xəbərdarlıq edib. Dünya Səhiyyə Təşkilatının Baş Direktoru Tedros Adhanom Gebreyesus ölkədə Ebola virusunun yayılması ilə bağlı narahatedici məlumatları açıqlayıb. Rəsmi olaraq 82 yoluxma halı və 7 ölüm qeydə alınsa da, real vəziyyətin daha ciddi olduğu bildirilib.
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının bağlanış mərasimi keçirilir. BMT-nin WUF13 forumunun yekun mərasimində Azərbaycan hökumətinin rəsmiləri, BMT nümayəndələri və beynəlxalq ekspertlər iştirak edirlər. Forum çərçivəsində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, ASAN Xidmət modeli əsasında yaradılmış Xidmət Mərkəzi sayəsində İçərişəhər sakinlərinə xidmətlərin göstərilmə sürəti təxminən 70 faiz artıb.
Çin Avropa Birliyinə xəbərdarlıq edib. Çin Ticarət Nazirliyinin sözçüsü He Yadonq bəyan edib ki, Avropa Birliyi Çin şirkətlərinə və məhsullarına qarşı ayrı-seçkilik xarakterli tədbirlər tətbiq etməyə davam edərsə, Pekin buna müvafiq cavab verəcək. Sözçü AB Komissiyasının Çinin "ehtiyat istehsal gücü" problemi ilə bağlı yanaşmasını tənqid edib.