Xəbər İcmalı - 19.05.2026

icmal

Saat 14:00 - Xəbər İcmalı

Xarici işlər naziri Ceyhun Bayramov Bakıda davam edən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında geniş çıxış edib. Nazir işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərindən danışaraq bildirib ki, Azərbaycan keçmiş münaqişə zonasına böyük investisiya yatıraraq qarşıdurma səhifəsini bağlamaqda maraqlı olduğunu nümayiş etdirib. Bayramov eyni zamanda vurğulayıb ki, azad edilmiş ərazilərin inkişaf mərkəzinə çevrilməsi istiqamətindəki səylər ciddi maneələrlə, xüsusilə mina təhlükəsi ilə üzləşir. Nazir həmçinin Azərbaycanın COP və WUF prosesləri arasında sinerji yaratmağa nail olduğunu qeyd edib.


WUF13 çərçivəsində çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov diqqətçəkən statistika açıqlayıb. Səfirin sözlərinə görə, iqlim dəyişikliyinin səbəb olduğu köçkünlərin sayı artıq münaqişələrdən qaçanların sayını üstələyib. İskəndərov qeyd edib ki, dünyanın ən isti 15 qaçqın düşərgəsi iqlim böhranının humanitar fəlakətləri necə dərinləşdirdiyini göstərir.


Forumda çıxış edən Səudiyyə Ərəbistanı şahzadəsi, UN-Habitat-ın ərəb dövlətləri üzrə regional xoşməramlı səfiri Lamiya bint Əl-Vəlid mənzil məsələsinə toxunub. Şahzadə bildirib ki, mənzil sadəcə son məqsəd kimi deyil, insanların təhlükəsizliyini, sabitliyini və iqtisadi müstəqilliyini təmin edən təməl kimi nəzərdən keçirilməlidir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb ki, sabah - mayın 20-də respublika üzrə pensiyaların tam ödənilməsi yekunlaşdırılacaq. Dövlət Sosial Müdafiə Fondu həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyalarını ödəyəcək.