Xəbər İcmalı - 16.05.2026

icmal

Saat 7:00 - Xəbər İcmalı

İsrail atəşkəsə baxmayaraq Lübnanda mülki hədəfləri bombalayıb. İsrail Ordusunun Lübnanın cənubundakı mülki müdafiə mərkəzinə endirdiyi hava zərbəsi nəticəsində 3 sağlıq işçisi daxil olmaqla ən azı 6 nəfər həlak olub, 22 nəfər yaralanıb. Hücum İsrail ilə Lübnan arasında atəşkəsin yeni müddətə uzadılmasından sonra baş verib. Xatırladaq ki, əvvəlki saatlarda İsrail ordusu Lübnan sərhədindəki sahil bölgəsini hərbi qapalı zona elan etmişdi.


Tramp İrana və Çinə münasibətdə sərt mesajlar verib. ABŞ Prezidenti Donald Tramp Fox News-a müsahibəsində İranın əsas infrastrukturunu "iki günə dəhşətli şəkildə zədələyə biləcəyini" iddia edib. Eyni müsahibədə Tramp Tayvan məsələsinə də toxunaraq, Çinin Tayvanın müstəqil olmasını görmək istəmədiyini bildirərək, mövcud status-kvonun qorunması halında Pekinin hərbi addım atmayacağını düşündüyünü söyləyib. Tramp həmçinin iki günlük Çin səfərini "möhtəşəm uğur" adlandırıb.


Uqandada Ebola virusu rəsmi olaraq qeydə alınıb. Uqanda Səhiyyə Nazirliyi ölkədə Ebola qızdırmasının yayılmasını təsdiqləyib. Virus Konqo Demokratik Respublikasından ölkəyə daxil olub. Mayın 15-də Konqo Demokratik Respublikasında Ebola virusundan 65 nəfərin öldüyü bildirilmişdi.


Tunis Filistinin BMT-də tam üzvlüyünü tələb edib. Tunis Xarici İşlər Nazırlığı Birləşmiş Millətlər Təşkilatında Filistinin tam üzvlüyünün gecikdirilmədən qəbul edilməsi üçün çağırış edib. Açıqlama 1948-ci il Nəkbə hadisəsinin 78-ci ildönümünə həsr olunub.


Mercedes-Benz müdafiə sənayesinə giriş imkanını araşdırır. Şirkətin baş direktoru Ola Kallenius dünya iqtisadiyyatındakı qeyri-sabitlik fonunda Avropanın müdafiə potensialının gücləndirilməsinin vacibliyini vurğulayıb. Kallenius bu barədə "The Wall Street Journal"a açıqlama verib.


Çindən Qazaxıstana miqrasiya kəskin artıb. 2026-cı ilin birinci rübündə Çindən Qazaxıstana daimi yaşayış məqsədilə köç edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artıb. Qazaxıstanın Data Hub məlumatına görə, yanvar-mart aylarında ölkəyə 1260 Çin vətəndaşı gəlib.