Xəbər İcmalı - 15.05.2026

icmal

Saat 17:00 - Xəbər İcmalı

Prezident İlham Əliyev Türk dünyasının geopolitik gücünü artırmağa çağırıb. Azərbaycan Prezidenti Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində çıxış edərək Türk dünyasının 21-ci əsrin təsirli geopolitik güc mərkəzlərindən birinə çevrilməsi zərurətini vurğulayıb. Sammitdə Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimi də keçirilib.


Birinci Qarabağ müharibəsinin iki itkin-şəhidi Füzulidə torpağa tapşırılıb. Sadıqov Zaur İmamqulu oğlu və Həziyev Ələddin Həzi oğlunun dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Səhiyyə işçilərinin mənzil təminatı ilə bağlı mühüm yenilik gözlənilir. Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə səhiyyə işçilərinə güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququnun verilməsi məsələsi yer alıb.


Azərbaycandan keçən nəqliyyat dəhlizlərində yükdaşıma həcmləri açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk rübündə dəmir yolu ilə 3 milyon 407 min ton, dəniz nəqliyyatı ilə 1 milyon 391,8 min ton, avtomobil nəqliyyatı ilə isə 2 milyon 705,2 min ton yük daşınıb.


CEV Erkəklər Şampionlar Liqasının dörtlü final mərhələsi sabah başlayır. 16-17 may tarixlərində İtaliyanın Torino şəhərində keçiriləcək yarışda Ziraat Bankkart komandası iştirak edəcək. Mətbuat konfransında iştirakçı komandaların kaptanları və baş məşqçiləri hazırlıqları barədə açıqlama veriblər.


Çin Ortadoğuda sülhün təmin edilməsi üçün beynəlxalq əməkdaşlığı davam etdirəcəyini bəyan edib. Çin Xarici İşlər Nazirliyi sözçüsü Prezident Si Cinpin tərəfindən irəli sürülən dörd təklif istiqamətində fəaliyyətə davam edəcəklərini bildirərək, beynəlxalq cəmiyyətlə əməkdaşlıq çərçivəsində sülh danışıqlarına daha güclü dəstək verəcəklərini vurğulayıb.