Xəbər İcmalı - 14.05.2026

icmal

Saat 23:00 - Xəbər İcmalı

Şuşada keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı davam edir. Azərbaycanın Xalq Artisti Fidan Hacıyeva festivalı Azərbaycan musiqi mədəniyyətinin zənginliyini dünyaya nümayiş etdirən mühüm platforma adlandırıb. Türkmənistanın "Qalkınış" ansamblının direktoru Allaverdi Nəzərov isə festivalın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və ansamblın ilk dəfə bu tədbirə qatıldığını bildirib.


Azərbaycanın qadın güləşçisi Avropa çempionatında gümüş medal qazanıb. Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatında Xədicə Qurbanzadə 49 kiloqram çəki kateqoriyasında finala yüksələrək ukraynalı Olena Koluba ilə qarşılaşıb və gümüş medalla fəxri kürsüyə qalxıb.


YouTube Shorts videolarının televiziya ekranlarında izlənmə müddəti aylıq 2 milyard saata çatıb. Mobil cihazlar üçün şaquli formatda hazırlanan qısa videolar böyük ekranlarda da sürətlə populyarlaşır. Bu rəqəm qısa formatlı video məzmunun televiziya platformasında da ciddi auditoriya qazandığını göstərir.


Texnologiya sahəsindən digər bir xəbər - Linux tərtibatçıları yaş həddi tətbiqi cəhdlərinə qarşı mübarizə aparır. Kolorado ştatının qanunvericiləri yanvar ayında əməliyyat sistemlərinin istifadəçilərin yaş məlumatını toplayaraq proqram təminatı hazırlayanlara ötürməsini tələb edən SB26-051 qanun layihəsini təklif ediblər. Layihə əsasən iOS və Android kimi kommersiya platformalarını hədəf alsa da, açıq mənbəli əməliyyat sistemi olan Linux icması da bu tələblərdən narahat olub.